Məhkəmə qərarları › İş №3(125)-3288/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3288/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3288/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsində idarə etdiyi Vaz 21011 markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman ona saxla işarəsi verən polis əməkdaşının qanuni tələbinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddəsində nəzərdə tutulan inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsində Vaz 21011 markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman polis əməkdaşı ona saxla işarəsi vermiş, avtomobildə nasazlıq olduğundan həmin vaxt avtomobili saxlaya bilməmiş, lakin bir az getdikdən sonra irəlidə saxlamışdır. Əməlindən peşmandır. Qeyd edilənlərlə əlaqədar ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsində idarə etdiyi Vaz 21011 markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman ona saxla işarəsi verən polis əməkdaşının qanuni tələbinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Ona görə də, Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Şəxs törətmiş olduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinin sankiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 357, 360, 410, 411 və 414-cü maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində tərtib edilmiş inzibati protokolun Azərbaycan Respulikasının İXMin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-in 510-cu maddəsi ilə təqsirli bilinsin və 75 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar