Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-329/2024 21.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “X3” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən “X3” MMC 62.670.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 62670.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, “X3” MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi F.Yusibov izahatında bildirmişdir ki, “X3” MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X5” MMC-nin tabeliyində olan “X3” MMC-nin istehsalat sahəsində hərbi təyinatlı məhsulların istehsalı üçün istifadə olunan məmulatların alınması məqsədilə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən "xxxx" Dövlət Xarici Ticarət və İnvestisiya Müəssisəsi, “Ukroboronprom” Dövlət şirkətinin törəmə müəssisəsinin (bundan sonra “Satıcı” adlandırılacaq) direktoru X1 şəxsində çıxış edən bir tərəfdən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X5” MMC- nin tabeliyində olan “X3” MMC-nin (bundan sonra “Alıcı” adlandırılacaq) şəxsində çıxış edən direktor X4 ilə xx.xx.2021-ci il tarixdə POE- 30.3-1-5/KE-21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilədə nəzərdə tutulmuş məmulatlardan qalıq kimi qalmış idxal olunmamış məmulatların qablaşdırılıb göndərilməsi vasitəsilə köçürmə yolu ilə satıcı müəssisəsinin bank hesabına 62.670,00 ABŞ dolları məbləği dəyərində vəsait ödənilmişdir. Alıcı tərəfindən müqavilədə göstərilən malların dəyərinin ödənilməsinə baxmayaraq satıcı həmin 62.670,00 ABŞ dolları dəyərində məmulatları göndərə bilməmişdir. Bunun səbəbini qarşı tərəf olan satıcı onunla izah etmişdir ki, Ukrayna Respublikası ilə Rusiya dövləti arasında baş vermiş məlum müharibəhərbi əməliyyatlar səbəbindən müqavilədə göstərilmiş və dəyəri ödənilmiş məmulatların göndərilməsi mümkün olmamışdır. Odur ki, o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X3” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, “X3” MMC xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara 62670.00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitini köçürmüşdür. - Azərbaycan Beynəlxalq Bankın 16 dekabr 2021-ci il tarixli xaricə köçürməyə dair ərizədən görünür ki, “X3” MMC tərəfindən “Ukrspecexport”-ın ünvanına 62.670.00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitini köçürmüşdür. - Satıcı müəssisənin rəhbərliyi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli POE- 30.2/319 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli POE-30.3-1-K/KE-21 saylı müqavilə üzrə məlumatların 3-cü partiyasının ixrac edilməsi üçün müsbət icazənin alınması istiqamətində işlər aparır, lakin Ukrayna Respublikası ilə Rusiya dövləti arasında baş vermiş müharibə şəraitində məlumatların 3-cü partiyasının idxalına dair müsbət cavab əldə etmək mümkün olmamışdır. Şirkət müqavilə üzrə məlumatların ixracına dair Ukraynanın səlahiyyətli dövlət qurumlarından müsbət cavabın alınması istiqamətində işləri davam etdirməsini göstərmişdir. - xx.xx.2021-ci il tarixli POE-30.3-1-K/KE-21 saylı müqavilədən görünür ki, Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “Ukroboronprom” şirkəti ilə “X3” MMC arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “X3” MMC alıcı, “Ukroboronprom” şirkəti isə satıcı adlandırılacaqdır. Həmin müqavilənin 10-cu maddəsinə əsasən fors-major hallar yəni tərəflərin iradəsindən asılı olmayan hallar yaranarsa, o cümlədən kütləvi epidemiya, müharibə, hərbi əməliyyatlar, blokadalar, nəqliyyat qəzaları və sair öhdəliklərin yerinə yetirilməsinə mane olan digər hallar olarsa öhdəliklərin yerinə yetirilməsi üçün ayrılan vaxt müddətinə bərabər müddətə artırılması nəzərdə tutulmuşdur. Belə hallar 3 aydan artıq davam edərsə, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə xitam verilməsi məsələləri tərəflər arasında razılaşdırılır. Hazırkı müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş fors major hallar səbəbindən öhdəliyini yerinə yetirə bilməyən tərəf digər tərəfə bu halların baş verdiyi tarixdən 4 təqvim günü müddətində xəbərdar etməli ən geci 10 iş günü müddətində sübutlarını təqdim etməyə borcludur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ödənilmiş valyuta vəsaitinin müqabilində malların ölkəyə idxal edilməməsi Ukrayna Respublikası ilə Rusiya Federasiyası arasında baş vermiş fors major hal yəni müharibə şəraiti olduğundan hüquqi şəxs “X3” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli POE-30.3-1-5/KE-21 saylı müqavilə əsasında satıcı müəssisədən 41.7800,00 ABŞ dolları dəyərində xammal alınması nəzərdə tutulmuşdur. Göstərilən tarixdən sonrakı dövrdə 355 130,00 ABŞ dolları dəyərində məmulatlar satıcı tərəfindən alıcıya idxal edilmişdir. Alıcı müəssisə olan “X3” MMC həmin idxal olunmuş məmulatları qəbul etmişdir. Qalıq qalmış 62.670,00 ABŞ dolları məbləğində məmulat isə satıcı müəssisəsində hazır vəziyyətdədir. Rusiya Federasiyası ilə Ukrayna dövləti arasında başlanmış məlum müharibəyə görə satıcı müəssisə tərəfindən idxal olunması mümkün deyildir. Bununla yanaşı yuxarıda göstərilən müqavilədə beynəlxalq hüquq sistemində olan Fors- major maddəsindən irəli gələn tələblər nəzərdə tutulmuşdur. Beynəlxalq Hüquqi sistemində olan Fors-major maddəsi elə bir müqavilə şərtidir ki, Fors- major sayıla bilən hallardan biri baş verərsə onda, bu tərəflərə müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Bir qayda olaraq Fors-major tərəfləri müəyyən fövqəladə hadisələr zamanı mülki məsuliyyətdən azad etmək üçün nəzərdə tutulur. Fors-major halları tərəflərin iradəsindən kənar baş verən elə bir haldır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hal müqavilənin icrasının qeyri-mümkün olmasına gətirib çıxarır. Müqavilənin Fors-major sayılan bölməsi təsbit edə bilər ki, Fors-major hallarında müəyyən dövrə qədər müqavilənin icrası müvəqətti olaraq dayandırılır və ya ümumiyyətlə xitam verilir. Bununla yanaşı olaraq “X3” MMC-nin rəhbərliyi xx.xx.2022- ci il tarixli 100/05-249 nömrəli məktubla satıcı müəssisənin rəhbərinə müraciət edərək məmulatların göndərilməsini xahiş etmişdir. Satıcı müəssisənin rəhbərliyi xx.xx.2023-cü il tarixli POE- 302/319 cavab məktubunda bildirmişdir ki, hal-hazırda şirkət xx.xx.2021-ci il tarixli POE- 30.3-1-K/KE-21 nömrəli müqavilə üzrə məmulatların üçüncü partiyasının ixrac edilməsi üçün müsbət icazənin alınması istiqamətində işlər aparır, lakin Rusiya Federasiyasının Ukrayna və Ukrayna xalqına qarşı başladığı və davam etdirdiyi geniş miqyaslı təcavüz müharibəsi şəraitində məmulatların üçüncü partiyasının idxalına dair müsbət cavab əldə etmək mümkün olmamışdır. Müqavilə üzrə məmulatların icracına dair Ukaynanın səlahiyyətli dövlət qurumlarından müsbət cavabın alınması istiqamətində işlər davam etdirilir. Bu onunla izah olunur ki, satıcı müəssisə alıcıya idxal edəcəyi 62.670,00 ABŞ dolları dəyərində məmulatlar hazır vəziyyətdədir. Lakin məlum olan müharibə vəziyyətinə görə idxal edə bilmir. Yəni iradəsindən asılı vəziyyətdə deyildir. Belə olan halda istər satıcı müəssisəsinin, istərsə də alıcı müəssisəsinin rəhbərlərinin əməlində inzibati xəta əməlinin tərkibi yaranmır, yəni yoxdur. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, “X3” MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-329/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-329/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver