Məhkəmə qərarları › İş №3(125)-3294/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3294/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3294/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ-nin polis leytenantı X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində “Chevrolet Niva” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhər A.Səhhət küçəsində əsas yol ilə hərəkətdə olan “Polo markalı” ** XG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı təqsirkar “Chevrolet Niva” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində baş vermiş hadisə ilə bağlı inzibati araşdırma aparılmış və protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Chevrolet Niva” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər A.Səhhət küçəsində əsas yol ilə hərəkətdə olan “Polo markalı” ** XG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İfadəsinin sonunda Şəxs etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə protokol tərtib olunmuşdur. - Qüsür aktından görünür ki, X2 idarə etdiyi Volkswagen Polo markalı gümüşü metalik rəngli ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 1090 manat ziyan dəymişdir. - Zərərçəkmiş şəxs X2 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində idarə etdiyi Volkswagen Polo markalı** XG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Abbas Səhhət küşəsində əsas yol ilə hərəkətdə olarkən ikinci dərəcəli yoldan əsas yola çıxan “Chevrolet Niva” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Chevrolet Niva” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Polo markalı” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə Gəncə şəhər A.Səhhət küçəsində küçəsində baş vermişdir. Sxemi hal şahidləri Şəxs və İlyas Qurbanov imzalamışlar. xx.xx.2023-cü il tarixli 3678 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X4 ayıq olmuşdur. xx.xx.2023-cü il tarixli 3677 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıq olmuşdur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması səlahiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aid edildiyindən, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 332.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxaraq müvafiq qərar qəbul etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar