Məhkəmə qərarları › İş №3(125)-3307/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3307/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3307/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Gürzallar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Gəncə Qapısının yaxınlığında saat 23:00 radələrində X2 avtomobildən düşürdən zaman ona qarşı nalayiq ifadələr işlətməklə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Gəncə Qapısının yaxınlığında saat 23:00 radələrində X2 avtomobildən düşürdən zaman ona qarşı nalayiq ifadələr işlətməklə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, taksi sürücüsü işləyir. 10 sentyabr 2024-cü il tarixdə əvəllər tanıdığı Ramilə adlı şəxsi “əlillərin dairəsi” adlanan yerdə görmüş və onu 10 manata Goranboy rayonuna apara biləcəyini bildirmişdir. Daha sonra X4 ona pulunun olmadığını və pul verə bilməyəcəyini demiş, o isə belə olan halda onu qeyd edilən ünvana aparmayacağını bildirmişdir. Bundan sonra X4 ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o da ona qarşılıq verərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, o, aptekdə əczaçı işləyir. Hər gün saat 22:00-da işdən çıxıb yaşadığı Goranboy rayonuna gedir. xx.xx.2024-cü il tarixdə də işdən çıxıb “əlillərin dairəsi” adlanan yerdən evə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsin avtomobilinə əyləşmiş, bir az getdikdən sonra həmin taksi sürücüsü ona demişdir ki, “gəl qabaqda yanımda otur, söhbət edək”, o isə cavabında “siz taksi sürücüsüsüz mənimlə belə rəftar edə bilməzsiz” demişdir. Şəxs isə onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş və gecə saat 23 radələrində avtomobili Gəncə şəhəri, Gəncə Qapısının yaxınlığında yolun ortasında saxlayaraq onun avtomobildən düşməsini tələb etmiş və ona qarşı ucadan nalayiq ifadələr işlətmişdir. O isə avtomobildən düşərək gecə vaxtı yol kənarında qalmışdır. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salmaqla ictimai qaydanı pozması, yəni İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini və üsulunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və məhkəmə iclasındakı davranışını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə sаxlаmа müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdə saat 18:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli Şəxs tutulduğu 12 sentyabr 2024-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar