Məhkəmə qərarları › İş №3(125)-3308/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3308/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3308/2024 13.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunun, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 13 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3693/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən hər ay 154 manat aliment pulu alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Əlavə olaraq, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2898/2019-006 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hər ay 150 manat aliment pulu alınaraq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfimizdən borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 10018 manat borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, Şəxs müxtəlif bəhanələr gətirərək borcunu icra etmir və bu səbəbdən də o, borclu Şəxs hazırkı iclasda borcunu ödəməsini, ödəmədiyi halda onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, ölkə xaricində yaşayıb işləyirdi. Hazırda işsiz olduğu üçün aliment ödəyə bilməmişdir və qeyd olunan məbləğdə borcu yaranmışdır. Şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3693/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 17 fevral 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 154,0 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2898/2019-006 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2019-ci il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğilə 150 manat aliment tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 17 fevral 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi; xx.xx.2019-ci il tarixdən başlayaraq Şəxs 17 fevral 2018-ci il təvəllüdlü X9 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli “icraata başlamaq” haqqında qərarların, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tatixli “tələbin könüllü icrası” haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3693/2018 saylı, xx.xx.2018-ci il tarixli və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2898/2019-006 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən axtarışda olan Şəxs barəsində xx.xx.2023-cü il tarixdən dövlətlərarası axtarışa verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə işdə iştirak edən şəxsləri dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü 15 gün müddətində seçilməli və həbsin əvvəli xx.xx.2024-cü il saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-ci il saat 15:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar