Məhkəmə qərarları › İş №3(125)-3310/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3310/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3310/2024 13.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əbdülbari oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Əbdülbari oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Əbdülbari oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Əbdülbari oğlu ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Əbdülbari oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, xx.xx.2024-ci il tarixdə saat 20:47 radələrində polis əməkdaşları 3 saylı piyada postda xidmətdə olarkən İcra Hakimiyyətinin qarşısında adı sonradan məlum olan X2 yaxınlaşaraq tanımadığı iki nəfər şəxs tərəfindən döyülüb təhqir edildiyini bildirmişdir. Polis əməkdaşları ətraflı məlumat alıb, ərazi üzrə rəhbər şəxsə məlumat verərək həmin şəxslərin axtarışına başlamış və çox uzaqlaşmadan Butulka evin yaxınlığında həmin şəxsləri saxlamışlar. Polis əməkdaşları onlara özlərini təqdim edib etdikləri əməli bildirən zaman, adları sonradan məlum olan Şəxs Əbdülvaleh oğlu və X6 ucadan səs-küy salaraq ətrafdakı insanların diqqətini cəlb etməyə çalışmışlar. Onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq etdikləri əməli inkar edərək polis əməkdaşlarına tabesizlik göstərmişlər. Əraziyə patrul avtomobili çağırılmış və həmin şəxsləri əyləşdirərək 1-ci polis şöbəsinə gətirərək NH-yə raport vasitəsilə təhvil verilmişdir. Buna görə də, Şəxs Əbdülbari oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs Əbdülbari oğlu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əbdülbari oğlu izahatında bildirdi ki, o, yoldaşı ilə İcra Hakimiyyətinin qarşısından keçərkən kənarda volleybol oynayan uşaqların topu onlara tərəf atmışdır. Bu zaman o, topu uşaqlara atarkən həmin top MKTİB-nin əməkdaşına dəymişdir. Bu zaman MKTİB-nin əməkdaşı onların üstünə gəlib mübahisə etmişdir. Bu zaman ona yaxınlaşan polis əməkdaşlarının poliş şöbəsinə getmək barədə və digər qanuni tələblərinə riayət etmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs Əbdülbari oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Əbdülbari oğlunun ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş (videogörüntü, və s.) və məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından müəyyən olunur ki, Şəxs Əbdülbari oğlu ictimai qaydanı pozmamış, hər hansı səs-küyə səbəb olmamışdır. Belə olan vəziyyətdə onun tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Həsənov X3 şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə dəvət olunmuş və o, heç bir etiraz etmədən polis şöbəsinə getmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs Əbdülbari oğlunun təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Əbdülbari oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Əbdülbari oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Əbdülbari oğlu barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs Əbdülbari oğlu dərhal məhkəmə zalında həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar