Məhkəmə qərarları › İş №3(125)-3314/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3314/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3314/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1 xx.xx.2025-ci il tarixli, TP7437485 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7437485 saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 10:30 iradələrində “Mersedes Benz” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonunda Qazax rayonu istiqamətdə hərəkət edərkən Yol Patrul Xidmətinin əməkdaşı onu məcburi saxladaraq barəsində İXP7283215 saylı protokol tərtib etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2025-ci ildə “Mersedes Benz” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətdə hərəkət etmişdir. Təxminən saat 10:30-da Bakı-Qazax-Gürcüstan sərhədinin 372 km.də yerləşən stasionar postda (Şəmkir) YPX-nin əməkdaşı onu saxladaraq sənədlərini tələb etmiş və sürücülük vəsiqəsiylə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əlindən alaraq posta getməyini tələb etmişdir. Həmin vaxtı maşında iki azyaşlı körpəsinin, həyat yoldaşının və yaşlı ananın olduğunu, həmçinin yaxın qohumunun dəfn mərasiminə getdiyini bildirərək nə problemin olduğunu öyrənməyə çalışsa da polis əməkdaşı israrla posta getməyini, orada ona məlumat və köməklik olunacağını bildirmişdir. Polis əməkdaşının zorakılığını və sərnişinlərin təlaşlanmasını nəzərə alaraq avtomobilindən enərək posta getmiş, postda polis əməkdaşı harada işlədiyini və hara getdiyini soruşduqdan sonra spirtli içki qəbul edib etmədiyini öyrəndikdə sonra zəng vasitəsilə başqa polis əməkdaşını çağıraraq alkotestr gətirib otağa gəlməsini bildirmişdir. Həmin polis əməkdaşı gətirdiyi cihaza nəfəs verməyini ondan tələb etmiş, o isə heç bir alkoqollu içki və ya hər hansı psixotop maddə qəbul etmədiyini söyləməsinə baxmayaraq polis əməkdaşı təkidlə üfürməyini tələb etmişdir. Bu zaman, yəni cihazı üfürmədən qabaq polis əməkdaşının əlindən tibbi spirt ətrinin gəldiyini hiss etmiş və bunu ona desə də o yenə cihaza üfürməyini əks halda avtomobilin hərəkətinin məhdudlaşdırılacağı və s. hərəkətlərin ediləcəyini bildirərək onu hədələmişdir. Nəticədə cihaza üfürmüş, daha sonra polis əməkdaşı tanıdığı polisin olub olmamasını soruşduğunda ona məlum oldu ki, guya o sərxoşdur və avtomobili idarə edə bilmir. O, polis əməkdaşı tanışlarının olmasına baxmayaraq spirtli içki qəbul etmədiyini, cihazın göstəricisinə etirazının olmasını və həkim narkoloqa getməyini bildirsə də buna riayət etməmişlər. Bir qədər keçdikdən sonra əsassız saxlandığını bildirdiyində həmin polis əməkdaşı yola davam etməyini, lakin heç bir sənəd tərtib etmədən sürücülük vəsiqəsiylə şəhadətnamənin özündə qalacağını və Qazax rayonunda qayıtdıqdan sonra postdan götürəcəyini bildirmişdir. Postan çıxdıqdan sonra dəfn mərasiminə çatmaq üçün yola davam etmiş, dəfn mərasimini Qazax rayonunun Xanlıqlar kəndində olması və orada alkoqol sərxoşluğunun müayinəsinin mümkün olmadığını nəzərə alaraq həkimə müraciət edə bilməmişdirş Polis əməkdaşlarının qanunsuz hərəkətlərinin daha nə qədar davam etdirəcəklərini araşadırmaq məqsədi ilə Gəncə şəhərinə qayıtdığında posta getməmiş və həmin əməkdaşlara zəng edərək rəsmi qaydada sənədlərini ona göndərmələrini tələb etmişdir. Həmin sənədləri xx.xx.2025-ci il tarixdə mərkəzi orqana etdiyi şikayətdən sonra xx.xx.2025-ci il tarixdə posta gedərək başqa bir polis əməkdaşından götürmüşdür. Onun yol hərəkətini məhdudlaşdıracaq hər hansı xətaya yol verməyinə dair qayda pozuntusu, şahid və ya qanuni əsaslar olmadan hadisədən dörd gün keçdikdən sonra xx.xx.2025-ci ildə barəmdə 1XP7283215 saylı protokol, xx.xx.2025-ci ildə isə TP7437485 saylı qərar verilmişdir. Əgər qeyd olunan qərarın verilməsinə səbəb olacaq hər hansı hüquqi əsas olduğu halda həmin vaxtı onun avtomobildən istifadə edərək səfərimi davam etməyi nə dərəcədə qanunidir sual doğuran məqamdır. xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Yol Polis İdarəsinin əməkdaş(lar)ı tərəfindən xx.xx.2025-ci il tarixdə barəmdə tərtib edilmiş İXP7283215 saylı protokol və xx.xx.2025-ci il tarixli TP7437485 saylı qərardan e- polis elektron portalı vasitəsi ilə şikayət ünvanlamağına baxmayaraq bu günə kimi heç bir nəticə barədə məlumat verilməmiş, protokol və qərarın surəti rəsmi qaydada təqdim edilməmişdir. Qısacası Şəmkir Rayon Yol Polis İdarəsinin əməkdaşı heç bir qanuni tələblərə əməl etmədən, barəmdə hər hansı bir protokol və ya sənəd tərtib etmədən, şəxsi mülahizələrinə əsaslanaraq mənim sərxoş olmağı və bu halda nəqliyyat vasitəsi idarə etməyi qənaətinə gəlmişdir. Bütün bunlar azmış kimi həmin polis əməkdaşı şəxsi mülkiyyətim olan əşyaları onu hədələyərək əlindən almış, mülkiyyət hüquqlarının məhdudlaşmasına gətirib çıxaran hərəkət/hərəkətsizlər etmişdir. Xüsusi olaraq bildirir ki, Şəmkir Rayon Yol Polis İdarəsinin əməkdaş(lar)ı onun inzibati xəta törətməsi, yəni məhz sərxoş olduğunu sübuta yetirmədən barəsində inzibati tənbeh növü seçmişdir. Sərxoş vəziyyətdə olduğunu iddia edən DYPl-nin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinin tələblərini ümumiyyətlə nəzərə almamışdırşıblar. Qeyd olunan qanun normasının tələblərinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qanunvericiliyin qeyd olunan normasına əməl edilmədən barəsində hər hansı sənəd və ya tədbir görülmədən sadəcə şəxsi mülahizələrə əsaslanan yanaşma ilə hədələrə məruz qalmış, həmçinin bir saatdan artıq müddətdə həm özüm həm də nəqliyyat vasitəsində olan ailə üzvləri həyacan keçirmişdir. Qeyd edir ki, hadisə yerində ümumiyyətlə polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmişdir. Onu saxladıqda yalnız onlar hansısa cihaza üfürməyini israrla tələb etmiş və öz şübhələrini heç cürə əsaslandırmamışlar. Beləliklə Şəmkir postunda olarkən, sonradan otağa çağrılan polis əməkdaşı alkoqollu olmağını müəyyən etmək üçün istifadə olunan cihaza əvvəlcədən müdaxilə etmiş və qanunsuz müayinə keçirmişdir. Əgər əksi bir hal olsa idi polis əməkdaşı tərəfindən qeyd etdiyi qanunvericilik normalarının tələblərinə riayət edilərək, vəzifə öhdəliklərini düzgün icra edər, barəsində rəsmi protokol, sənəd və ya akt tərtib edilərdi. Onun barəsində protokol dörd gün keçdikdən sonra tərtib edilmişdir. Qeyd edilənlərə əsasən şikayət ərizəsinin təmin edlilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və qərardan şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilsə də, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X2 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində tərtib olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan e-Polis tətbiqindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, TP7437485 saylı inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 333.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən inzibati xətanın baş verdiyini əks etdirən foto və video görüntülər, həmçinin sənədlər tələb edilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X2 tərəfindən hansı inzibatı xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM- in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati əta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7437485 saylı inzibati tənbeh vermə haqqında qərar leğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7437485 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar