Məhkəmə qərarları › İş №3(125)-3316/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3316/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3316/2025 10.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli EQ/27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, kamaz sürücüsüdür, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Güzdək qəsəbəsindən idarə etdiyi “Kamaz-55111” markalı “** CA ***” dövlət qeydiyyat nişanlı yük avtomobilinə 1300 ədəd mişar daşı yüklədikdən sonra Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən ABDY-polis İstansal postunda polis əməkdaşları tərəfindən maşının tərəzidə çəkilib yedəklə (priseplə) birlikdə 41 ton 700 kiloqram çəkisi olduğu müəyyən edilmişdir. Maşın yola davam etdikdən sonra yolda quraşdırılmış elektron tərəzi vasitəsilə guya maşının artıq yüklə yüklənməsi, daha doğrusu, elektron tərəzidə 46 ton 240 kiloqram yükün olması göstərilərək barəsində inzibati tənbeh vermə qərar tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə tənbehi tətbiq edilmişdir. O, bununla razılaşmır. Çünki, o, heç bir inzibati xəta törətməmişdir. O, idarə etdiyi yük maşını çəkilmiş və yükü 41 ton 700 kiloqram çəkidə olması müəyyən edildikdən sonra yoluna arxayın davam etmişdir. Amma bilməmiş ki, yolda quraşdırılmış elektron tərtəzinin nasazlığı səbəbindən ona yüksək məbləğdə cərimə tənbehi tətbiq ediləcəkdir. Bu isə onun təqsiri deyil. Ona görə də əməlində İXM-nin 353.2-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Onun əsassız olaraq inzibati qaydada cərimə tənbehinə məruz qalması həm onun, həm də ailə üzvülərinin hüquqları pozulmuşdur. Məhkəmə iclasında şikayətçi X4 çıxışında şikayət ərizəsinin məznununa uyğun ifadə verərək bildirmişdir ki, barəsində olan EQ 27740812 nömrəli qərardan bir dəfə də məhkəməyə şikayət etmiş və həmin qərar ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. O, bildirmişdir ki, əlavə araşdırma aparılan zaman ona məlumat verilməmiş, hər hansı mövzuda izahatı alınmamışdır. Bundan sonra yalnız dəbbə pulu silinmiş və yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, avtomobildə olan yükün çəkisi barədə ona polis əməkdaşları tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. İfadəsinin sonunda həmin qərarın ləğv edilməsini xahiş etdi. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq DİN-in Baş X6 İdarəsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ-nin polis polkovnik leytenantı X1 tərəfindən qəbul edilmiş qərardan görünür ki, X4 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlər, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda xx.xx.2025ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Halbuki, qərar qəbul edilərkən heç bir əsas gətirilməmiş, polis əməkdaşı tərəfindən heç bir sübut təqdim edilməmiş, hətta bununla bağlı heç bir fotoşəkil və ya videoyazı təqdim edilməmiş, həmçinin qərarda avtomobildə aşkar olunan yükün çəkisi göstərilməmişdir. Xətanın törədilməsi haqqında sübutları Baş X6 İdarəsi sözügedən qərarda əks etdirməli idi. Məhz bu səbəbdən avtomobilin çəki həddi aşılmasına dair heç bir sübut olmadan X4 barəsində əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə esasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində taqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, 8.2. inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları vardır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ/27740812 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-cİ maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar