Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3330/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmiş, borclu çağırışlara gəlməmiş, axtarış vasitəsi ilə yeri müəyyən edilmişdir. Hazırda borclu Şəxs ödənilməmiş 2275 manat borc tələbi ilə bağlı borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, icra sənədinə əsasən X2 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 2250 manat pul və X6 tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2275 manat pul tutulmalıdır. İcra sənədi qanunun tələblərinə uyğun olduğu üçün icraata götürülmüş, həmçinin tərəflərə lazımı qaydada məlumat verilmiş, lakin icra sənədi tam şəkildə icra olunmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunana kimi borclu tərəfindən nə qədər ödəniş edilməsindən məlumatı yoxdur, buna görə də protokolu tərtib edəndə borclu tərəfindən ödəniş edilmədiyini nəzərə alaraq onun borcunu 2275 manat kimi hesablamışdır. Odur ki, protokolu müdafiə edərək qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, borclu onun çağırışlarına gəlmədiyi üçün axtarış vasitəsi ilə yeri müəyyən edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkar sələmçidir, borc da sələm borcu olmaqla, şişirdilmiş məbləğdir. Odur ki, icra sənədi üzrə borcunu ödəməsi üçün ona möhlət verilməsini xahiş etmiş, bu dəfə məhkəmənin etimadını yanıltmayacağını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, icra sənədi üzrə borcunu ödəmək üçün Bakı şəhərinə işləməyə getmiş, buna görə də məhkəmə iclaslarına gələ bilməmişdir. Bu gün Gəncə şəhərinə gəlməsinin səbəbi ad günü olması olmuşdur. Zərərçəkmiş şəxsi şikayət vermək fikrindən daşındırmaq üçün icra sənədi üzrə 970 manat ödəniş etmişdir, hazırda onun borcu 1305 manat təşkil edir. Əvvəlki məhkəmə iclasında borcundan 500 manat ödəniş etməsi üçün ona sonrakı məhkəmə iclasına kimi vaxt verilməsini xahiş etmiş, lakin cəmi 200 manat ödəniş edə bilmişdir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxs X4 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən 8İ-13740 nömrəsi ilə reyestrdə qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli icra qeydindən (bundan sonra – icra sənədi) görünür ki, X2 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 2250 manat pul və X6 tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2275 manat pul tutulmalıdır. -xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədinə əsasən icraat başlanmış, həmin qərar xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. -xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. -Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi bugünədək icra etməməsinin səbəbi maddi imkanının zəif olması olmuşdur. İcra sənədi üzrə bugünədək ödəniş etməmişdir. Həmin gün 300 manat ödəyir, ayda isə 150-200 manat ödəyəcəyinə söz verir. Bundan başqa, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. -“Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. -xx.xx.2025-ci il tarixli məhkəmə iclasında borclu məhkəməyə ərizə təqdim edərək borcundan 200 manatı sabahkı tarixə, 300 manatını isə xx.xx.2025-ci il tarixinə ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-3330/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs 23 sentyabr 2025-ci il tarixdə saat 15:30-da Gəncə Şəhər Məhkəməsinə gətirilməsi, qərarın icrasının Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-3330/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, Şəxs olduğu yer müəyyən edildikdə dərhal Gəncə Şəhər Məhkəməsinə gətirilmiş və qərarın icrası Gəncə Şəhər Baş Polis idarəsinə həvalə edilmiş, Şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. -İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, borclu tərəfindən tələbkara ümumilikdə 970 manat ödəniş edilmiş, onun qalan borcu 1305 manat təşkil etmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbi və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyi nəzərə alınaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, borclunun borcunu ara-sıra ödəməsi onun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmaması görüntüsünü yaratmaq xarakteri daşıyır. Bundan əlavə məhkəmə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs təyin olunmuş məhkəmə iclaslarında iştirak etmədiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(125)-105/2024 saylı qərarına əsasən Gəncə Şəhər Məhkəməsinin inzibati binasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin Şəxs məhkəməyə təqdim edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-105/2024 saylı qərarına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(125)- 105/2024 saylı qərarına əsasən onun barəsində axtarış elan edilərək işin icraatı dayandırılmışdır. Məhkəmə qeyd olunan halı nəzərə alaraq hesab edir ki, borclu Şəxs məhkəmə iclaslarından, həmçinin icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmaq niyyətindədir və onun məqsədi qaçıb gizlənməklə inzibati məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, həmçinin işə baxılma müddətini qəsdən ötürərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə nail olmaqdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Borclu Şəxs məhkəmənin borcunu ödəməsi üçün ona vaxt verilməsi ilə bağlı humanist addımını öz qərəzli hərəkətlərinin davam etdirilməsi üçün sui-istifadə etmiş, məhkəmənin çağırışlarına məhəl qoymayaraq məhkəmə iclaslarında iştirak etməkdən boyun qaçırmışdır. Bundan başqa əvvəlki məhkəmə işləri ilə bağlı eyni qaydada vaxt istəməklə və daha sonra məhkəmədə iştirak etməkdən yayınmaqla, axtarışda olduğunu bilə-bilə qaçıb gizlənməklə məsuliyyətə cəlb etmə müddətini qərəzli olaraq ötürmək göründüyü kimi onda adət halını almışdır. Bundan əlavə müxtəlif vaxtlarda 20-30 manat kimi məbləğlər ödəmək özünün də ifadəsində qeyd etdiyi kimi zərərçəkmiş şəxsi şikayət etmək fikrindən daşındırmaq məqsədi güdmüş, əsl niyyəti borcunu ödəmək olmamışdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3330/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3330/2025
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver