Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3332/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakları ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə o, Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 328.3-cii maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə, saat 12:55 radələrində M 2, E 60, AH 5 Bakı-Qazax-Gürcüstan yolu, 238 km-də Gəncə şəhərində “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 42 km/saat həddində aşma qaydalarını pozmuşdu. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli qərar qəbul edilmişdir. Bu qərarla razılaşmır. Barəsində olan “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın P12200377 nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsini qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera Azərbaycan Respublikası İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Bundan başqa qeyd olunmalıdır ki, sözügedən inzibati xətanın törədilibtörədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, inzibati xatanın törədilməsinə dair “video görüntü” barədə qeyd elektron qərarda öz əksini tapmamışdır. Elektron qərarda yalnız “inzibati xəta hadisəsinin baş verdiyi və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur” sözləri qeyd edilmişdir. Lakin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli qərarın əlavəsində olan foto şəkillərdə də inzibati xətanın törədildiyi tarix və saat əks olunmamış və istifadəsində olan “Asanpay” elektron kabinetində inzibati xətanın törədilməsini sübut edən video materiallar əlavə edilməmişdir. Həmçinin elektron qərarda inzibati xətanın xüsusi texniki vasitənin köməyi ilə aşkar edildiyi göstərilsə də, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilən tələblərlə uzlaşmır. Bununla yanaşı inzibati tənbeh vermə haqqında qərarda göstərilən tarix və saatda işdə olmuşdur və minik avtomobili onun tərəfindən idarə edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma qaydaları pozduğuna görə o, inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta hərəkətdə olan nəqliyyat vasitəsi ilə törədildiyindən həmin hərəkətin foto vasitəsilə əks etdirilməsi qanunun tələbinə uyğun deyildir. Belə olduğu həmin xətanın əks etdirildiyi video materiallar inzibati xəta haqqında elektron qərara əlavə edilməlidir. Həmçinin bir daha məhkəmənin diqqətinə çatdırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən tarix və saatda işdə olmuşdur və minik avtomobili onun tərəfindən idarə edilməmişdir. Göründüyü kimi AR İXM-nin 328.3-cümaddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta hadisəsinin videoyazısının üç aydan az olmayan müddətdə saxlanılmalı olması təsbit edilməsinə baxmayaraq, elektron qərara ümumiyyətlə həmin videoyazı əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən inzibati protokolun əsaslı olmasına dair hər hansı mötəbər sübut məhkəməyə daxil olmamışdır, onun təqsiri sübut olunmalıdır. “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili alınan vaxtdan istifadə etməmişdir, buna görə də onun inzibati protokol tərtib edilən vaxt həmin avtomobili idarə etməsi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən sübut olunmalıdır. Hazırda özünəməxsus başqa avtomobili idarə edir. O, şikayətinin təmin edilməsini, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində qeyd olunur ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Belə ki, X2 təqsirli olması “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin iş materiallarına şəkil və videogörünütü əlavə edilməmişdir. Hazırda hadisə baş verən zaman “CHANGAN UNİ-Z PLUG-İN HİBRİD” minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunması işin mübahisəli halıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilən sorğuya cavab verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli qərarla İXM-nin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Belə ki, inzibati xətanın kim tərəfindən törədildiyi dəqiq müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3332/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3332/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver