Məhkəmə qərarları › İş №3(125)-3348/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3348/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3348/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, protokolu müdafiə edən şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi, xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi ilə bağlı Şəxs müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozmaqla açıq məkanda reklam yerləşdirməsi nəticəsində barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Gəncə şəhəri, Səbuhi Xasayev küçəsində sahibkarı olduğu “Alibaba tea pub” adlı obyekt üzərində, Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanmışdır. Bu əmələ görə “ADRA” X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sahibkarın ünvanına məktub göndərilsə də, protokolun tərtib edilməsində iştirak etmək və yaxud yayımladığı reklamla bağlı icazə alınması üçün yaxınlaşmamışdır. Odur ki, icazəsiz yayımlanan reklam ilə bağlı AR İXM-in 428.7.3-cü maddəsi ilə 20 noyabr 2023-cü il tarixli, MN №1255052 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, hazırda Tural Salehovun dövlət yayım haqqını ödədiyini bildirərək, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki,. icarə haqqının artırılması ilə bağlı maddi sıxıntısı olduğu üçün reklam haqqını gecikdirmişdir. İyun, iyul, avqust aylarında çay evi işləməmiş, sonrakı fəaliyyət dövrünə olan borcunu yəni 80,71 manatı ödəmişdir. Həmin ödənişi məhkəməyə təqdim etdiyi qəbslə sübuta yetirmiş, sonda isə inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, bir daha inzibati xətaya yol verməyəcəyinə dair söz vermişdir.. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli, MN №1255052 nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi, xx.xx.2023-cü il tarixdə saat 10:00-da Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilən X6 idarəsinin rəis müavini Mətləb Məmmədovun adından, haqqında inzibati protokol tərtib olunmuş şəxs Şəxs ünvanlanan 11-3-3/2- 1555/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla yazılı göstəriş göndərilmişdir. Həmin göstərişdə Səbuhi Xasayev küçəsində açıq məkanda yayımlanan “Alibaba tea pub” adlı obyektin reklamlarının dayandırılması və 5 gün müddətinə yayım haqqının ödənilməsi , ödəmədiyi təqdirdə İXM-in 428.7.3-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi haqqında məlumat verilmişdir. 21.11.23 tarixli 11-3-3/2-1819/2023 saylı məktubla isə Şəxs haqqında protokol tərtib edildiyinin və həmin protokolun surəti göndərilmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs məhkəmə iclasının müddətinə qədər yayım haqqını ödədiyi üçün onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından və tərəflərin izahatlarından həmçinin ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən “ADRA” Gəncə Regional İdarəsinin verdiyi yazılı göstərişin tam ödəməli olduğu yayım haqqını ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun barəsində 20 noyabr 2023-cü il tarixli, MN №1255052 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar