Məhkəmə qərarları › İş №3(125)-337/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-337/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-337/2022 03.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, ev 16A, mənzil 47 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə şəhəri Nizami prospekti 35-də yerləşən Gəncə şəhəri 23 saylı “Kontakt Home” mağazasında baş vermiş oğurluq faktı ilə bağlı toplanmış material üzrə aparılan araşdırma ilə bağlı 02 avqust 2022-ci il tarixdə BPİ-nə dəvət edilmiş, BPİ-də olan zaman ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, ondan sakitləşməsini tələb edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o Gəncə şəhəri Nizami prospekti 35-də yerləşən Gəncə şəhəri 23 saylı “Kontakt Home” mağazasında baş vermiş oğurluq faktı ilə bağlı toplanmış material üzrə aparılan araşdırma ilə bağlı 02 avqust 2022-ci il tarixdə BPİ-nə dəvət edilmişdir. Onun həmin faktla bağlı idarəyə dəvət edilməsindən dərin sarsıntı keçirmişdir, belə ki, o həmin əməli törətməmişdir. Bu baxımdan, idarədə olan zaman həyəcanlanmış və qeyri-adekvat hərəkətlər edərək polisin qanuni tələbinə tabe olmamış, eyni zamanda dövlət əmlakına zərər vurmuşdur. Sonda əməlindən peşman olmasını və ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi X3 bildirdi ki, oğlu Gəncə şəhəri Nizami prospekti 35-də yerləşən Gəncə şəhəri 23 saylı “Kontakt Home” mağazasında baş vermiş oğurluq faktı ilə bağlı toplanmış material üzrə aparılan araşdırma zərurəti ilə əlaqədar 02 avqust 2022-ci il tarixdə saat 17:40 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına çağırılan Şəxs xidməti iş otağında izahatı alınarkən hər hansı bir səbəb olmadan ucadan səs-küy salaraq İdarənin iş rejimini pozmuş, polis əməkdaşına tabesizlik göstərmiş, başı ilə otaqda sənədlər saxlanılan dolabın şüşəsini vurub sındırmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, şahidin ifadəsini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02 avqust 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 avqust 2022-ci il tarixdə saat 20:30-da tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 02 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 avqust 2022-ci il tarixdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadəsi, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin etirafedici ifadələrindən, şahid ifadələrindən də aydın olduğu kimi Şəxs polis vəzifə borcunu icra edərkən ona qəsdən maneçilik törətmiş, onun qanuni tələbinə tabe olmamış, polis idarəsindəki dövlət əmlakına zərər yetirmişdir. O bu hərəkətlərini idarəyə çağırılmasına səbəb olmuş oğurluq hadisəsini törətməsinə dair polisin ondan şübhələnməsindən keçirdiyi sarsıntı ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, bu ictimai qaydanın pozulması, polisin qanuni tələbinə tabe olmama və dövlət əmlak əmlakına zərər vurulması üçün əsas deyildir. Onun məhkəmədə verdiyi ifadəsindən aydın olur ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs əməlinin ictimai təhlükəliliyini dərk edir və səmimi peşmançılıq keçirir. Şəxs səmimi peşmançılığı, İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, dövlət əmlakına zərər vurmasını, eyni inda iki inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 avqust 2022-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar