Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-339/2022 05.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxslər X5 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olan və Gəncə şəhəri Məhsəti qəsəbəsi 9-cu küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 03 iyul 2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın palatasında Şəxs ilə gəlini X6 və qudası X9 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Şəxs gəlini X3 və qudası X7 vuraraq onlara fiziki ağrılar yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 05 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X10 izahat verərək bildirdi ki, 03 iyul 2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın palatasında Şəxs ilə gəlini X6 və qudası X9 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Şəxs gəlini X3 və qudası X7 vuraraq onlara fiziki ağrılar yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 05 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, 03 iyul 2022-ci il tarixdə xəstəxanada olarkən müalicə alan az yaşlı nəvəsi Tunarın palatada yanına getmişdir. Həmin vaxt gəlini Şəbnəmin anası Kəmalə ona onun və ailəsinin yaxşı adamlar olmadığını bildirmişdir. Bu səbəbdən Kəmalə ilə onun arasında mübahisə baş vermişdir. Belə ki, Kəmalə əli ilə onun ağız nahiyəsinə vurmuş, o da Kəmaləni əl zərbəsi ilə vurmuşdur. Mübahisə zamanı gəlini Şəbnəm ona qarşı nalayiq ifadə işlətdiyinə görə o, əli ilə gəlininin başından basıb kənara itələmişdir. Əməlindən peşman olduğunu bildirdi. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, o, 2019-cu il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından iki azyaşlı övladları vardır. Azyaşlı övladının müalicəsi ilə əlaqədar olaraq Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşağının yanında palatada qalmışdır. 03 iyul 2022-ci il tarixdə saat 12 radələrində anası Kəmalə ilə palatada olan zaman qaynatası Əvəz palataya daxil olmuş, uşaqla oynayaoynaya evdə olan çatışmazlıqlardan danışaraq onu günahlandıran zaman anası Kəmalə həmişə qızını günahlandırdıqlarını dedikdə qaynatası Əvəzlə anası Kəmalə arasında mübahisə baş vermişdir. Həmin vaxt qaynatası Əvəz yerindən duraraq anasının üzərinə hücum çəkmiş, yumruq zərbəsi ilə vuraraq anasını təhqir etməyə başlamışdır. O, onları aralamaq istəyən zaman qaynatası Əvəz əl zərbəsi ilə onun boyun nahiyəsinə vuraraq boyun nahiyəsinə fiziki ağrı yetirmişdir. Sonradan kolidorda növbədə olan tibb bacısı gələrək qaynatası Əvəzi otaqdan çıxarmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Şəbnəm Bəxtiyar qızının izahatında göstərdiyi xüsusatları təsdiq etdi və məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 04 iyul 2022-ci il tarixli 1107 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qulaq seyvanının sıyrığı, alt dodağın selikli qışasının və burun üstü nahiyəsinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 03 iyul 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-339/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-339/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver