Məhkəmə qərarları › İş №3(125)-341/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-341/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-341/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 2022-ci ilin payız aylarından dekabr ayının sonlarına qədər olan müddət ərzində müxtəlif vaxtlarda Gəncə şəhəri, X5 küçəsi, dalan 1, ev 2-3 saylı ünvanda yaşayan vətəndaş X2 işlədiyi “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 7 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Ordubadi küçəsi 2-ci döngədə yerləşən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Məscidin yaxınlığından və həmin ərazidən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Mahrasa Bağında yerləşən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Nizami küçəsi 7-ci döngədən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, “Köhnə Şəmkir” avtovağzalı adlanan ərazidən 1 ədəd kanalizasiya quyusunun qapaqlarını oğurlamaqla ümumilikdə 1050 manat məbləğində ziyan vurmaqla xırda talama əməlini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. Onun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən törədilmişdir. O, bu əməlləri maddi imkansızlıqla əlaqələndirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı isə ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısının 13 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs 2022-ci ilin payız aylarından dekabr ayının sonlarına qədər olan müddət ərzində müxtəlif vaxtlarda ümumi dəyəri 1050 manat olan Gəncə şəhəri, X5 küçəsi, dalan 1, ev 2-3 saylı ünvanda yaşayan vətəndaş X2 işlədiyi “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 7 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Ordubadi küçəsi 2-ci döngədə yerləşən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Məscidin yaxınlığından və həmin ərazidən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Mahrasa Bağında yerləşən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, Nizami küçəsi 7-ci döngədən hər dəfəsində 1 ədəd olmaqla ümumilikdə 2 ədəd kanalizasiya quyusunun qapaqlarını, Gəncə şəhəri, “Köhnə Şəmkir” avtovağzalı adlanan ərazidən hər dəfəsində 1 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlamasına görə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)- 127/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2022ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (ay) müddətinə ona inzibati həbs növündə tənbeh tətbiq edilməsi və həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini İXM-in 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda təbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, ağırlaşdıran hal kimi Şəxs il ərzində inzibati tənbeh tətbiq edilən eyni xətanı təkrar törətməsini, zərərçəkmişə dəymiş zərərin ödənilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdə saat 17:50-dən hesablanmalıdır. Həmçinin, məhkəmə yuxarıda qeyd olunanları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsin müddətini müəyyən edərkən nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli 14 fevral 2023-cü il tarixdə saat 17:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar