Məhkəmə qərarları › İş №3(125)-342/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-342/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-342/2022 05.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 may 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda arvadı X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 05 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X5 izahat verərək bildirdi ki, 23 may 2022-ci il tarixdə Şəxs yaşadığı ünvan 2 ünvanda arvadı X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 05 avqust 2022ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər hansı münasibət bildirməkdən imtina etdi. Onun əməlinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxmasını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 bildirdi ki, Şəxs barəsində inzibati xəta haqqında icraat başlanmazdan öncə o digər cinayətin törədilməsində şübhəli şəxs qismində tanınaraq tutulmuşdur. Lakin sonradan azadlığa buraxılmışdır. Məhz bundan sonra Şahin Fətallayevin psixi vəziyyəti pisləşmişdir. Müdafiəçi eyni zamanda, məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər X1 Fətallayev barədə xəstəlik tarixindən xx.xx.2022-ci il tarixli, 605/22 nömrəli stasionar çıxarışını təqdim etdi ki, onun göstərdiyi psixi pozuntu halları çıxarışda öz əksini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Şəxs ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından üç övladları olmuşdur. Ailə qurduqdan sonra Şəxs valideynləri ilə birlikdə yaşayır. İlk vaxtlar münasibətləri yaxşı olmuşdur, sonradan əri Şəxs narkotik vasitə qəbul etdiyi üçün aralarında ailə daxili mübahisələri yaranmışdır. Şəxs narkotik vasitənin saxlanmasında və istifadəsində şübhəli bilinərək tutulmuş, 19 may 2022-ci il tarixdə azadlığa buraxılmışdır. 23 may 2022-ci il tarixdə əri Şəxs onunla mübahisə edərək, atası evinə icazəsiz getməyində günahlandırmışdır. Şəxs tutulan zaman onun mobil telefonu yaşadıqları evdə qalmış, azyaşlı övladları həmin telefonu istifadə edən zaman telefonda xoşagəlməz şəkillər olduğuna görə o, övladları görməsin deyə həmin şəkilləri silmişdir. Şəxs həmin şəkillərin silinməsindən narazılıq edərək onunla münaqişə yaratmış, münaqişə zamanı Şahin təpiklə onun ayaq nahiyəsinə vuraraq ona fiziki ağrılar yetirmiş və onu öldürməklə hədələmişdir. Daha sonra əlində balta ilə üstünə gələrək onu vurmaq istəmiş, lakin baltanı evdəki divana vurmuşdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyun 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin 24 may 2022-ci il tarixli 805 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bud nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 23 may 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, psixi vəziyyətində pozuntuların olmasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar