Məhkəmə qərarları › İş №3(125)-3421/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3421/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3421/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 29 noyabr 2023-cü il tarixli, EQ 18300074 nömrəli elektron qərarın ləğv edilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə o, şəxsi evinin qarşısında ** DZ *** nömrəli avtomobilini saxlamışdır. Həmin vaxt onu qanunsuz olaraq 20 manat cərimə etmişlər. Həmin cərimənin qanunsuz olaraq yazılmasını ərizədə qeyd edərək göstərmişdir ki, maşın saxlanılan yerdə heç bir qadağanedici işarə yoxdur və həmin ərazidə yüzlərlə avtomobil dayanır. Odur ki, X3 heç bir inzibati xəta törətmədiyini bildirərək, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Z.S.Rzayev şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 18300074 nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:40:05 radələrində Azərbaycan Bayrağı küçəsində X2 məxsus Opel Astra minik markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil durma qaydalarını pozulmasına görə, yəni Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində EQ 18300074 nömrəli elektron qərar qəbul olunmuş, o, inzibati xətanın tərədilməsində təqsirli bilinərək ona 20 (iyirmi) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-cı maddəsində 1-ci bəndində göstərilir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin qanunun 2ci bəndində isə qeyd olunur ki, Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Bundan başqa , “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-cı maddəsində 6-ci bəndində göstərilir ki, nəqliyyat vasitələri dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda, yolların hərəkət hissəsində, 5.1 nişanı ilə işarələnmiş yerlərdə, dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında, 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından və məhkəmə iclasında şikayət verən şəxsin izahatından görünür ki, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda vətəndaş Z.Rzayevə məxsus avtomobilin durduğu ərazidə dayanma və durma qaydalarının pozulması ilə bağlı heç bir qadağanedici işarə görünmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X1 barəsində Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Dövlət Yol Polisi idarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 18300074 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18300074 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar