Məhkəmə qərarları › İş №3(125)-3433/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3433/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3433/2025 25.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Həsənli Məhəmməd Vahid oğlunun, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Qərardan şikayət verən orqan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi (hüquqşünas) Nümayəndə3 İsrafil oğlunun, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi X5 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi X7, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsində işləyir. X1 şikayəti əsasında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən vəzifəli şəxs kimi barəsində AR İXM-nin 192.6-ci maddəsinə əsasən həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə edilməyisi barədə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilib. Həmin qərarın qanunsuz və əsassız olduğunu aşağıda göstərdiyi xüsusatlarla əsaslandırır. E.N.Əliyev Birliyin rəisinin xx.xx.2019-cu il tarixli 117 №-li əmri ilə 3 ay sınaq müddəti ilə Təmizlik şöbəsinə briqadir vəzifəsinə qəbul edilmişdir. E.N.Əliyev əmək vəzifələrini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən Birliyinin rəisinin xx.xx.2023-cü il tarixli 150 №-li əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Humanizm prinsiplərini nəzərə alaraq, Gəncə şəhər 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞG/1/MT/007/2024-0196 saylı Barışıq sazişi və E.N.Əliyevin ərizəsinə əsasən Birliyin rəisinin xx.xx.2024-cü il tarixli 307 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixli 150 nömrəli əmrə dəyişiklik edilərək “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi” ilə əvəz edilmişdir. E.N.Əliyev xx.xx.2024-cü il tarixli 136 nömrəli əmrlə 3 ay sınaq müddəti olmaqla Birliyin Yaşıllaşdırma şöbəsinə yaşıllaşdırma işləri üzrə nəzarətçi vəzifəsinə qəbul edilib. E.N.Əliyevlə Birlik arasında bağlanan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 280 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilib. E.N.Əliyevə onunla Birlik arasında bağlanan əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq edilib. Həmin xəbərdarlıq rəsmi şəkildə xx.xx.2024cü il tarixdə X12 təqdim edilib. Bu səbəbdən X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən vəzifəli şəxs kimi barəsində AR İXM-nin 192.6-ci maddəsinə əsasən həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli qərar qəbul edilməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında qərardan şikayət verən orqan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi (hüquqşünas) Nümayəndə3 İsrafil oğlu bildirdi ki, X3 rəisinin xx.xx.2019-cu il tarixli 117 №-li əmri ilə 3 ay sınaq müddəti ilə Təmizlik şöbəsinə briqadir vəzifəsinə qəbul edilmiş, lakin o, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Birliyinin rəisinin xx.xx.2023-cü il tarixli 150 №-li əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Humanizm prinsipləri nəzərə alınmaqla, Gəncə şəhər 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞG/1/MT/007/2024-0196 saylı Barışıq sazişi və E.N.Əliyevin ərizəsinə əsasən Birliyin rəisinin xx.xx.2024-cü il tarixli 307 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixli 150 nömrəli əmrə dəyişiklik edilərək “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi” ilə əvəz edilmişdir. X15 yenidən xx.xx.2024-cü il tarixli 136 nömrəli əmrlə 3 ay sınaq müddəti olmaqla Birliyin Yaşıllaşdırma şöbəsinə yaşıllaşdırma işləri üzrə nəzarətçi vəzifəsinə qəbul edilsə də, X15 tərəfindən eyni əməllər təkrarlanmış, sonda onunla Birlik arasında bağlanan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 280 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. X9 əmək stajı bir ilədək olduğu üçün iki təqvim həftəsi müddətində xəbərdarlıq edilmişdir. X15 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinə şikayətlər ünvanlanmışdır. Diqqətsizlik nəticəsində sözügedən nöqsana yol verilmiş, haqlı olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, protokolun düzgün tərtib olunduğunu hesab etməklə bu dəfə güzəşt edilərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə2 şikayətin təmin edilməməsini xahiş edərək bildirdi ki, X9 şikayəti əsasında araşdırma aparılmış, aşkar olunmuşdur ki, X9 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilərkən həmin Məcəllənin 77.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi X15 ilə Birlik arasında əvvəllər də, yəni xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. X15 ilə Birlik arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilərkən eyni işəgötürənlə bağlanmış əvvəlki müqaviləsi üzrə əmək stajı nəzərə alınmamış, onun əmək stajı səhvən bir ilədək müddətə hesablanmaqla, iki təqvim həftəsi müddətində xəbərdarlıq edilmişdir. X6 bir ildən beş ilədək müddətə əmək stajına malik olduğuna görə ona azı dörd təqvim həftəsi müddətində xəbərdarlıq olunmalı idi. Bundan başqa, ixtisarın səbəbi əsaslı olmuşdur. Aşkar olunmuş inzibati xəta ilə bağlı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin barəsində inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəbul edilmiş “əmək müqaviləsinin ləğv edilməsi və bağlanması haqqında” 117 nömrəli, xx.xx.2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdən 3 (üç) ay sınaq müddəti ilə Təmizlik şöbəsinə briqadir vəzifəsinə qəbul edilməsi, aylıq əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmiş, əsas isə X9 ərizəsi və bağlanmış əmək müqaviləsi olmuşdur. - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəbul edilmiş “əmək müqaviləsinin ləğv edilməsi haqqında” 150 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən çıxarışdan görünür ki, X15 – Birliyin Təmizlik və Xidmət Sahələri üzrə şöbəsinin iş icraçısı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmiş, istifadə etmədiyi 57.66 məzuniyyət gününə son haqq-hesab ödənilmişdir. - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəbul edilmiş “əmək müqaviləsinin bağlanması, ödənişsiz məzuniyyətin verilməsi, intizam tənbehinin verilməsi və xəbərdarlıq edilmə haqqında” 136 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixdən 3 (üç) ay sınaq müddəti ilə Birliyin Yaşıllaşdırma şöbəsinə yaşıllaşdırma işləri üzrə nəzarətçi vəzifəsinə qəbul edilməsi, aylıq əmək haqqının VTC-nə əsasən X-dərəcə ilə və ştat cədvəlində nəzərdə tutulan əlavə əmək haqqı ilə hesablanması əmr edilmiş, əsas isə X9 ərizəsi və bağlanmış əmək müqaviləsi olmuşdur. - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi rəisi X7 tərəfindən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Yaşıllaşdırma işləri üzrə nəzarətçisi X12 ünvanlanmış “yaşıllaşdırma işləri üzrə nəzarətçi ştatının ixtisarı haqqında” xəbərdarlıqda qeyd olunmuşdur ki, Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 264 №-li əmrinə əsasən Yaşıllaşdırma şöbəsinin yaşıllaşdırma işləri üzrə nəzarətçi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X12 bu barədə rəsmi xəbərdarlıq edilir və bildirilir ki, xəbərdarlıq müddəti bitdikdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir iş günü əmək haqqı saxlanılmaqla, iş axtarmağa imkan yaradılması məqsədi ilə işəgötürəni xəbərdar etməklə əmək funksiyasının yerinə yetirilməsindən azad edilir. X12 onun razılığı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq müvafiq orta aylıq əmək haqqı bir dəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilməsi üçün Birliyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəbul edilmiş “əmək müqaviləsinin ləğv edilməsi və bağlanması haqqında” 264 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən aşağıda adları qeyd olunan Yaşıllaşdırma işləri üzrə nəzarətçilərə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq bağlanmış əmək müqavilələrinin ləğv edilməsi ilə əlaqədar işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun müəyyən olunmuş əmək stajından asılı olaraq göstərilən müddətlərdə xəbərdarlıq edilmişdir. Həmin şəxslərdən biri olan X9 3 ay 23 gün əmək stajı olduğu üçün iki təqvim həftəsi müddətində xəbərdarlıq edilmişdir. - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəbul edilmiş “əmək müqaviləsinin ləğv edilməsi haqqında” 280 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışdan görünür ki, X15 - Birliyin Yaşıllaşdırma şöbəsinin yaşıllaşdırma işləri üzrə nəzarətçisi ilə 01 may 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) 06 sentyabr 2024-cü il tarixdən ləğv edilməsi, onun istifadə etmədiyi 7.28 məzuniyyət gününə son haqq-hesab ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq işdən çıxarma müavinətinin ödənilməsi əmr edilmiş, MKTİB-nin baş mühasibi Mürsəl Həmzəyevə və İnsan Resursları şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisi Elvira Namazovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti bitdiyi gün əmək müqaviləsi ləğv olunmuş işçilərə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətinin, əmək kitabçası və son haqq-hesabının verilməsinin təmin edilməsi tapşırılmışdır. Əsas isə Baş iqtisadçının, baş mühasibin və baş aqronomun xx.xx.2024-cü il tarixli məlumatları, İxtisar Komissiyasının xx.xx.2024-cü il tarixli 01 nömrəli protokolu, X4 xx.xx.2024-cü il tarixli 10 nömrəli və xx.xx.2024-cü il tarixli 11 nömrəli protokolları, Gəncə ş. MKTİB-nin xx.xx.2024cü il tarixli 264 nömrəli əmri olmuşdur. - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən qəbul edilmiş “Gəncə ş., MKTİB-nin 18 iyul 2023-cü il tarixli 150 nömrəli əmrində dəyişiklik edilməsi haqqında” 307 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən çıxarışdan görünür ki, X15 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında verilmiş Gəncə ş., MKTİB-nin 18 iyul 2023-cü il tarixli 150 nömrəli əmrində dəyişiklik edilərək, həmin əmrin 1-ci hissəsində “70-ci maddəsinin “ç” bəndinə” sözləri “69-cu maddəsinin 3-cü hissəsinə” sözləri ilə əvəz edilmiş, əsas Gəncə 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli (MŞG/1/MT/007/2024-0196) barışıq sazişi və E.N.Əliyevin ərizəsi olmuş, E.N.Əliyevin əmək kitabçasından “iş haqqında məlumat” bölməsində müvafiq qaydalara uyğun olaraq qeydin dəyişdirilməsi təmin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından məlum olur ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi X7 tərəfindən işçi Elmar Vəliyevin əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələbi pozulduğunun X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində şərti olaraq cərimənin tətbiq edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi tərəfindən məhkəməyə X15 ilə Birlik arasında bağlanmış əmək müqavilələrinə dair sistemdən çıxarışlar təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. AR İXM-in 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iş materiallarını, inzibati xəta haqqında araşdırma materiallarını tədqiq edərək bu nəticəyə gəlmişdir ki, şikayət əsassızdır. Belə ki, Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Yaşıllaşdırma işləri üzrə nəzarətçisi vəzifəsində işləyən X15 ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuş, əvvəllər X15 ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə X9 əmək müqaviləsinə xitam verilənədək, yəni xx.xx.2023-cü il tarixədək olan əmək stajı nəzərə alınmamış, onun əmək stajı səhv, yəni bir ilədək müddətə hesablanmaqla, ona AR ƏM-in 77.1-ci maddəsinə əsasən iki təqvim həftəsi müddətində xəbərdarlıq edilmişdir. X2 əmək stajının müddəti bir ildən beş ilədək olduğundan qanunvericiliyin tələblərinə əsasən ona AR ƏM-in 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən tərəfindən azı dörd təqvim həftəsi müddətində xəbərdarlıq edilməli idi. Bundan başqa, qərardan şikayət verən orqan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi həmin halların əksini təsdiq edən hər hansı sübutu şikayətə əlavə etməmiş, əksinə məhkəmə iclasında verdiyi izahatında protokolun əsaslı olduğunu etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Nurəhməd Əhmədov barəsində haqlı olaraq inzibati protokol tərtib edilərək qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Nurəhməd Əhmədovun şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar