Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3438/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-in polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuş, subay, orta təhsilli, 777 saylı Hərbi Hissədə aşbaz işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nsız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2nsız fərdi yaşayış evinin həyətyanı sahəsində qonşusu X3 döymüşdür. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2nsız fərdi yaşayış evinin həyətyanı sahəsində qonşusu X3 döymüşdür. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Gəncə şəhəri, M.T.Cəfərov küçəsi ilə Cavadxan küçəsində ona məxsus fərdi yaşayış evi var, yanında isə X5 yaşayır. Aralarında əvvəllər dəmir hasar olsa da hazırda İsax həmin hasarı sökərək daşdan hasar çəkir, lakin o və ailəsi buna etiraz etdiyi üçün aralarında mülki mübahisə var. Bu səbəblə o və ailəsi İsaxı Gəncə Şəhər Məhkəməsinə şikayət etmiş, lakin məhkəmə İsaxın xeyrinə qərar qəbul edərək həmin yeri onun yeri kimi tanımış, hasar çəkməsinin qanuni olmasını demiş, bundan sonra onlar Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş, lakin Gəncə Apellyasiya Məhkəməsi də İsaxın xeyrinə qərar qəbul edərək onların iddiasını əsassız hesab etmiş, hazırda isə onlar yenidən Gəncə Şəhər Məhkəməsinə şikayət etmişlər. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində İsax aralarında açıq qalmış yeri bağlamaq üçün bünövrə qazan zaman İsaxa etiraz edərək buradan onun borusu keçir, məhkəmə bitənədək buranı qazma demiş, İsax isə ona “beton tökəcəm, daha sonra gözləyərəm” demiş, o isə beton tökməməsini deyən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbləşərək əlinə plastik boru almış, İsaxı vurmaq istəmiş, lakin arvadı Sevinc araya girərək buna mane olmuş, arvadı Sevinc bu barədə qayınatası Bilmana zəng edərək məlumat vermiş, Bilman isə orada olmadan, hadisəni görmədən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:20 radələrində qonşusu İsax ilə aralarında yaranmış mübahisə zamanı əlinə plastik boru alsa da, lakin onun İsaxı vurmasına arvadı Sevinc mane olmuşdur. Bu səbəbdən o, İsaxı vurmamışdır. Qonşusu ona böhtan atır, orada sadəcə mübahisə olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Gəncə şəhəri, M.T.Cəfərov küçəsi ilə Cavadxan küçəsində ona məxsus fərdi yaşayış evi var, yanında isə Nazim adlı şəxs yaşayır. Aralarında əvvəllər dəmir hasar olsa da hazırda həmin hasarı sökərək daşdan hasar çəkir, lakin Nazim və ailəsi buna etiraz etdiyi üçün aralarında mülki mübahisə var. Bu səbəblə Nazim və ailəsi onu Gəncə Şəhər Məhkəməsinə şikayət etmiş, lakin məhkəmə onun xeyrinə qərar qəbul edərək həmin yeri onun yeri kimi tanımış, hasar çəkməyinin qanuni olmasını bildirmiş, bundan sonra onlar Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş, lakin Gəncə Apellyasiya Məhkəməsidə onun xeyrinə qərar qəbul edərək onların iddiasını əsassız hesab etmişdir. Hazırda isə o hasarı tam sonacan çəkmək üçün bünövrə qazmaq istəyir. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində o bünövrə qazan zaman Nazim yanına gələrək onu nalayiq ifadələr ilə təhqir etmiş, işi dayandırmağını tələb etmiş, o məhkəmə qərarı olmasını deyərək işi dayandırmayacağını deyən zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Nazim əlinə taxta parçası alaraq kürək nahiyəsindən vurmuş, səsə Nazimin ailə üzvləri gəlmiş, taxtanı əlindən almışlar. Həmin vaxt o mobil telefonunu çıxardaraq olanları çəkməyə başlamış, bu zaman Nazim əlinə dəmir parçası alaraq yenidən onu vurmaq istəmiş, lakin ailə üzvləri buna imkan verməmişdir. O da bundan sonra öz yaşadığı evə tərəf getmiş, onlarda öz evlərinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:20 radələrində qonşusu Nazim aralarında yaranmış mübahisə zamanı əlinə taxta parçası alaraq kürək nahiyəsindən vurub onu döymüş, həmin vaxt orada ikisi olduqları üçün hadisəni görən olmamış, lakin səsə gələn ailə üzvləri Nazimi ondan aralamış, hadisə təxminən 7-8 dəqiqə davam etmişdir. Hadisə zamanı o nə Nazimi, nə də onun ailə üzvlərini vurmamış, onlara qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin 4-cü Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 1149 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol kürək nahiyəsinin qançırı - küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəməyədək icraat, eləcə də məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş materialındakı digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs qonşusunun hasar tikməsi ilə əlaqədar olaraq zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə nəticəsində əlində olan taxta parçası ilə onu döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək ona fiziki ağrı yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Beləliklə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3438/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3438/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver