Məhkəmə qərarları › İş №3(125)-3446/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3446/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3446/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Pünhan Abdullayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında 23 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Pünhan Abdullayev inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 22 sentyabr 2024-cü il tarixdə Gəncə şəhəri Metalloq stasionunun yanında olan zaman YPX əməkdaşlarının avtomobil saxladığını müşahidə etmişdir. Bu zaman o, onların qanunsuzluq etdiyini düşünərək onları videolentə almağa başlamışdır. Onu şöbəyə aparmaq isdədikləri zaman o, telefonu onlarda olduğundan onlarla getməyə razı olmamışdır. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid polis serjantı X3 bildirdi ki, Gəncə şəhəri, X4 yaxınlığında xidmətdə olarkən başqa bir nəqliyyat vasitəsini sürücü sərxoş olduğu üçün saxlamışlar. Şəxs yaxınlaşaraq onların xidməti fəaliyyətinə müdaxilə etmişdir. Onları telefonu ilə çəkməyə başlamışdır. Onlar ona çəkilişi sonlandırmağı bildirsələr də o, hərəkətini davam etdirməyə başlamışdır. Sonra onlar polis əməkdaşlarını çağıraraq onu şöbəyə aparmışlar. Şöbəyə aparılarkən o, polis əməkdaşlarına müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid polis serjantı X1 bildirdi ki, Gəncə şəhəri, Dədə Qorqud parkının yanında xidmətdə olarkən öz vəzifələrini icra etdikləri zaman vətəndaş Şəxs onları telefonu ilə çəkməyə başlamışdır. Hətda vətəndaşlardan biri ona çəkilişi sonlandırmağı bildirsədə o, cavab olaraq “yaxşı edirəm, mənə nə deyə bilərlər” kimi sözlər işlətmişdir. Sonra onlar polis əməkdaşlarını çağırmışlar. Sonradan onlara məlum olmuşdu ki, Şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. Məhkəmə iclasında şahid polis serjantı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən DYP əməkdaşları onları X4 yaxınlığına köməyə çağırmışlar. Onlar oraya getmişlər. Şəxs nizam-intizama dəvət etmişlər, lakin onların qanuni tələbinə tabe olmamışdır. Polisin qanuni fəaliyyətinə maneçilik törətməyə davam etmişdir. Onu nizamintizama dəvət etdikləri zaman “yaxşı edirəm” deyərək hərəkətlərini davam etdirmişdir. Onu şöbəyə aparmışlar. Sonradan onlara məlum olmuşdu ki, Şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -23 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlı hərəkətləri edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokolun surətindən görünür ki, Şəxs 22 sentyabr 2024-cü il tarixdə saat 00:00-da inzibati qaydada tutulmuşdur. -xx.xx.2024-cü il tarixli 3377/2024 nömrəli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs etdiyi əməldən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar