Məhkəmə qərarları › İş №3(125)-3464/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3464/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3464/2025 18.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X15, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Bayan küçəsi X32 2007, Gəncə şəhəri, Bayan küçəsi, giriş 172 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, X33 prospekti, ev 240 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X21 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X16, X12, X13, X4 müştərək qaydada 44222 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X17 xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində X2na tələbin könüllü icrası üçün bildiriş verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə X2nın icra sənədi üzrə 39600 manat borcu yaranmışdır. Borclu X1 izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, X2 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X21 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borcdan qismən ödəniş edilmiş, icra sənədi üzrə digər borclu X14 işlədiyi üçün onun əməkhaqqına tutma yönəldilərək ümumilikdə 3121 manat məbləğində tutqu aparılmışdır. Hazırda borclu Şəxs tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Tələbkarla borclu Şəxs öz aralarında hər ay 1200 manat məbləğində ödəniş edilməklə icra sənədi üzrə borcun ödənilməsi barədə razılığa gəlsələr də, tələbkar İdarəyə ərizə ilə müraciət edərək borcun hissə-hissə ödənilməsindən narazı olduğu üçün borclular barəsində tədbir görülməsini xahiş etmişdir. Borclu Şəxs çağırışlara gəlmədiyi üçün barəsində “borclunun axtarışı haqqında” qərar qəbul edilmiş, o, polis əməkdaşlarının müşayiəti ilə məhkəməyə gətirilmişdir. İki aydır ki, borclu Şəxs tərəfindən ödəniş olunmur. Borclu Şəxs adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Borclu Şəxs sentyabr ayı üzrə icra sənədi üzrə borcundan 814 manat ödəniş etmişdir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İcra məmuru ona verilən suala cavab olaraq bildirdi ki, tələbkarla telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, borclular icra sənədi üzrə borcundan hər ay 1200 manat ödəniş edəcəklərinə dair öhdəlik götürəcəkləri halda hazırkı işə xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, sentyabr ayı üzrə icra sənədi üzrə borcundan 814 manat ödəniş etmiş, digər borclu olan bacısı X6 əməkhaqqından isə 340 manat tutqu aparılmışdır. Həmçinin özü onkoloji xəstədir, süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkir, keçən il əməliyyat olunmuşdur. Lakin maddi imkanı olmadığından bir ilə yaxındır ki, xəstəliyinin müalicəsi üçün heç nə edə bilmir. Saç ustası işləyir, gündəlik qazancından hər gün icra sənədi üzrə borcunu az-az ödəyir. İcra sənədi üzrə borclu olan uşaqlarından biri hemofiliya adlanan irsi qan xəstəliyindən əziyyət çəkir, məhz xəstəliyinə görə onu sürücü kimi işə götürməmişlər. Hazırda tək yaşayır, heç kim onunla danışmır, onun barəsində psixoloji dispanserə göndəriş verilmişdir. Hər ay digər borclularla birlikdə icra sənədi üzrə borcundan 1200 manat məbləğində pul ödəyə bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə iclasında zərərçəkmiş şəxs X22 ilə telefon vasitəsilə əlaqə saxlanıldı, o izahatında bildirdi ki, hazırkı iş üzrə icraata xitam verilməsini, borclu Şəxs digər borclularla birlikdə icra sənədi üzrə borcundan hər ay 1200 manat məbləğində pul ödənilməsini təmin etmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərini görülməsini xahiş edir. İş materiallarında olan: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs, X7, X8 və X3 vurulmuş maddi zərərin əvəzi qismində 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti X17 xeyrinə tutulmalıdır. - “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs (həmçinin digər borclulara) 10 (on) gün müddətində vaxt verilmiş, həmin bildiriş borclu Şəxs tərəfindən imza edilməklə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan görünür ki, borclu Şəxs yaşadığı (həmçinin digər borclular X16 və X10 yaşadıqları) ünvan 3 ünvanda yaşamaması müəyyən edilmişdir. - Tələbkar xx.xx.2024-cü il tarixdə İdarəyə ərizə ilə müraciət edərək göstərdi ki, həmin günə qədər icra sənədi üzrə ona heç bir ödəniş olunmur, odur ki, borclular X16, Şəxs, X14 və X18 icra sənədi üzrə borcunu tam ödəmədiyi təqdirdə borclu barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmiş, axtarış qərarının icrası Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsinə həvalə edilmişdir. - “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, hazırda həmin borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Borcunu 2025-ci ilin fevral ayının 20-dən başlayaraq hər ay azı 500 manat olmaqla, az-az ödəyə bilər. Bununla bağlı tələbkar ilə razılığa gəlmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmiş, axtarış qərarının icrası Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsinə həvalə edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, hazırda həmin borcu tam şəkildə ödəməyə imkanı yoxdur. Borcunu hər ay azaz olmaqla ödəyir. Bugünə qədər ümumilikdə 4622 manat borc ödənilib. - Şəxs tərəfindən məhkəməyə onun onkoloji xəstəlikdən əziyyət çəkdiyini təsdiq edən həkimin tövsiyyə blankları, xəstəlik tarixindən çıxarış (epikriz), ambulator kartdan arayışlar, ultrasəs müayinəsinə dair sənədlər, həmçinin oğlu X11 hemofiliya xəstəliyindən əziyyət çəkməsinə dair arayış, epikriz və ultrasəs müayinəsinə dair sənədlər təqdim edilmişdir. - Şəxs tərəfindən məhkəməyə “X20” Açıq Səhmdar Cəmiyyəti “Leobank”a məxsus kart hesabından xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığını əks etdirən çıxarış, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə 114,50 və 150 manat ödənişlər etdiyini təsdiq edən “Leobank”a dair ödəniş qəbzləri və xx.xx.2025-ci il tarixdə X19 məxsus bank hesabına 340 manat mədaxil edilməsi barədə "xxxx" ASC-yə dair ödəniş qəbzi təqdim edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və bugünədək Şəxs tərəfindən borcundan ödənişlər edilmiş və o, geri qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar