Məhkəmə qərarları › İş №3(125)-3481/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3481/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3481/2024 25.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X5, zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonu Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X8 bildirdi ki, Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-4917/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs və X4 müştərək qaydada 34700 (otuz dörd min yeddi yüz) manat məbləğində pul vəsaiti və 197 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-4917/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilərək borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan cəmi 2300 (iki min üç yüz) manat ödəniş etmişdir. Tələbkar borcun tam ödənilməsini tələb etmişdir. Protokolun təmin edilərək barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, hazırda borcundan 2300 (iki min üç yüz) manat ödəniş etmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. İnzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, borclu borcundan məhkəmə iclasının bir həftə təxirə salınacağı təqdirdə 3000 manat ödəyəcəyini, sonradan isə qalan borcunu hissə-hissə ödəyəcəyini ona vəd etmişdir. O isə belə olan halda məhkəmədə məhkəmə iclasının bir həftə təxirə salınması barədə şifahi vəsatət vermişdir. Lakin bir ay keçsə də, borclu 2300 manat ödəniş etmişdir. Ona görə də borcludan şikayətçidir, borcunun tam şəkildə ödənmədiyi təqdirdə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan: - 25 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-4917/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq yayınmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. - Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-4917/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclular Şəxs və X4 müştərək qaydada 34700(otuz dörd min yeddi yüz) manat məbləğində pul vəsaiti və 197 manat dövlət rüsumu alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-4917/2023-007 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 icraatına daxil olmuşdur. - xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməsi üçün 10 gün müddətinə vaxt verilmiş və borcunu ödəmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qayda Gəncə şəhəri üzrə icra idarəsinə məcburi gətirilməsi barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs Gəncə şəhər məhkəməsinə məcburi gətirilməsi qərara alınmışdır. -27 sentyabr, 03 oktyabr, 25 oktyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs borcundan cəmi 2300(iki min üç yüz) manat ödəniş etmişdir -Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Zərərçəkmiş şəxsin vəsatəti əsasında məhkəmə icraatında barəsində icraat aparılan şəxsə ödəniş etməsi üçün şərait yaradılmış, bir ay ərzində barəsində icraat aparılan şəxs borcundan cəmi 2300 AZN ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Bundan əlavə Plenum Qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində icra icraatı çərçivəsində bütün icra imkanlarından istifadə edilmiş, məhkəmə icraatı zamanı da ona borcunun bir hissəsinin ödənilərək zərərçəkmişlə barışıq əldə etməsi üçün şərait yaradılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar