Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3486/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 25 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 25 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və digər sənədlərdən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə Süleymanov X1 bankda olan zaman bankın iş rejimini pozmuş və orada səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bundan əlavə qeyd edilən inzibati xəta ilə əlaqədar Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və şöbədə yenidən nalayiq ifadələr işlətmiş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində nəvəsi Timuru 2 saylı Uşaq bağçasına qoyduqdan sonra Beynəlxalq Bankın yaxınlıqda olan şöbəsinə yollanmış, özünə və oğlu - fiziki qüsurlu Süleymanzadə Fəridə məxsus bank kartlarından pul çıxardan zaman təxminən 35 yaşında oğlan ona yaxınlaşaraq əlindəki puldan 100 manat ona verməsini tələb etmişdir. O, etirazını bildirdikdə bankın mühafizə əməkdaşı onlara yaxınlaşmış, o, şikayətini ona bildirərək, ondan pul tələb edən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Polisə müraciət etdiyini görən həmin şəxs oradan uzaqlaşarkən o, mühafizəçidən ondan pul tələb edən oğlanın saxlanılmasını tələb etmişdir. Həmin vaxt o, Beynəlxalq Banka və Unibanka kredit ödənişlərini etdikdən sonra mühafizə polisindən həmin adamın və onun Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparılmasını tələb etmişdir. Polis Şöbəsində şikayətçi olduğunu bildirsə də səhər saat 10:00 radələrindən axşam saat 17:00 radələrinədək onu Polis Şöbəsində saxladılar. Dəfələrlə rəislə görüşməyi tələb etsə də buna əhəmiyyət vermədilər. İzahat yazmağını tələb etsə də ona şərait yaradılmadı. Qızının ölümü ilə əlaqədar nevroloji xəstədir və Gəncə psixonevroloji dispanserdə qeydiyyatda olmaqla müalicə alır. Bununla bağlı arayışı Gəncə Şəhər Məhkəməsinə təqdim etmişdir. Həmin vaxt onun tərəfindən Beynəlxalq Bankın qarşısında ictimai qayda pozulmayıb və o, polisin qanuni tələbinə tabe olmuşdur. Onun şikayəti əsasında polis şöbəsinə gəlmişdir. Amma həmin vaxtda da ictimai qaydanın pozulması və polisin qanuni tələbinə tabe olmama halı olmamışdır, sadəcə psixoloji problemlərinə görə əsəbi olmuş və bu hala görə də üzr istədiyini bildirdi. O, ictimai qaydanı pozmadığını, polisin qanuni tələbinə tabe olduğunu bildirərək, onun psixoloji vəziyyətini, ailə vəziyyətini, oğlunun Vətən müharibəsi iştirakçısı olduğunu, özünün ikinci dərəcə əlilliyini, nevroloji dispanserdə qeydiyyatda olduğunu və yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin PPXT-nin polis serjantı X3 ifadə verərək bildirdi ki, Şəxs mühafizə polisinin əməkdaşları tərəfindən gətirilən zaman əsəbi olduğundan ondan sakitləşməsini xahiş edərək, səs-küy salmasına son qoymasını bildirmişdir. Amma o, yenə də səs-küy salmaqda davam etdiyindən digər polis əməkdaşları da onu nizam-intizama dəvət etdilər və nəticədə o, əməllərini davam etdirdiyinə görə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilməlidir ki, xx.xx.2024-cü il tarixdə Şəxs ictimai yerdə ucadan səs-küy salaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2676/2021 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs 23 noyabr 2021-ci il tarixdən X6 Dispanserində postravmatik stress pozuntusu, orta dərəcəli depressiv epizod diaqnozu ilə qeydiyyatda durur (xəstəliyi qızının vəfatından sonra yaranmışdır). İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 030449 saylı vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 022547 saylı vəsiqənin surətindən görünür ki, Şəxs müddətsiz İİ qrup əlildir. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında və Beynəlxal Bankın qarşısında Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerlərdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 25 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3486/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3486/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver