Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3487/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, Şəxs idarə etdiyi “Kia optima” markalı ** EJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil DYPŞ əməkdaşları tərəfindən saxlanılmış, zahiri əlamətlərindən onun narkotik və ya psixotrop maddənin təsiri altında idarə etməsindən şübhəli olduğu üçün, həmin şəxsi sərxoşluq vəziyyəti tibbi müayinəsindən keçirdikdə onun sidiyində marixuana aşkar edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Ş.İ.Xətai prospektində idarə etdiyi “Kia optima” markalı ** EJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən onu polis əməkdaşları saxlamışdır. Ona narkotik istifadəsində şübhəli olduğu deyib, onun avtomobilini duracağa aparmışlar. Həmin vaxt polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişlər və onun sidiyində marexuananın komponentləri aşkar edilmişdir. O, tutulmamışdan bir ay əvvəl toy məclisində onu istifadə etmişdir. Sonda o, əməlindən peşman olduğunu və bir daha narkotik vasitə və psixotrop maddə qəbul etməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən təkər mağazasının yanında Şəxs “Kia Optima” markalı, ** EJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi üçün ona Gəncə şəhəri BPİnin DYPŞ-nin ƏYPX-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində tədbir görülməsi üçün Gəncə şəhər 2-ci PŞ-nə gətirilmiş və bundan sonra isə Şəxs AR Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserində sərxoşluq halları müayinəsi yoxlanılan zaman onun narkotik vasitə olan marixuana qəbul etməklə nəqliyyat vasitəsini idarə etməsi məlum olmuşdur.Şəxs, əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib əsası olmaması əsasına görə rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1996 saylı rəyindən görünür ki, Hümbətov X2 vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab şəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2023-cü il tarixli, 3974/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə şəhər BPİ-nin YPX-nin polis əməkdaşları tərəfindən narkotik vasitələrindən istifadə etməsində şübhəli olduğu və marixuana qəbul etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs narkotik vasitəni istifadə etməsi, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3487/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3487/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver