Məhkəmə qərarları › İş №3(125)-3487/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3487/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3487/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Tofiq oğlunun katibliyi, icra məmuru X7, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və vəkili X11 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Göygöl rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100.000 manat pul vəsaiti tutularaq tələbkar X2 ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu idarəyə dəvət olunmuş izahatları alınmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu bugünkü tarixədək borcundan heç bir ödəniş etməmişdir. O, borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X9 protokolu müdafiə edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, iş hal-hazırda borc üzrə məhkəmə qətnaməsini mübahisələndiriyi üçün ödəniş etmir. Yekun məhkəmə qərarından sonra ödənişlə bağlı fikir bildirəcəyini qeyd edərək protokolun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X4 çıxışında borclu Şəxs indiyədək heç bir ödəniş etmədiyindən həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Göygöl rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs kredit müqaviləsi üzrə müəyyən edilmiş 100.000 (yüz min) manat pul alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. - 07 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbkar X1 xeyrinə 100 000 (yüz min) manat pul vəsaitinin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 11 avqust 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı X1 cavabdeh Şəxs qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş 2(066)-673/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2(104)-439/2022 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(102)-3100/2022 saylı qərarı ilə Göygöl rayon Məhkəməsinin 2(066)- 673/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 26 fevral 2024-cü il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-357/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından görünür ki, Göygöl rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunanadək Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-468/2024 saylı 28 iyun 2024-cü il tarixli qərardadına əsasən Şəxs Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilməsi qərara alınmışdır. - 25 sentyabr 2024-cü il tarixdə icra idarəsində verdiyi izahatda Şəxs ödənişlə bağlı məhkəmənin yekun qərarından sonra fikir bildirəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, yekun məhkəmə qərarını gözləməsini bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Belə ki, hazırkı borc üzrə Şəxs qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş 2(066)-673/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2(104)-439/2022 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(102)- 3100/2022 saylı qərarı ilə Göygöl rayon Məhkəməsinin 2(066)-673/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır (61.1.5-ci maddə). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Bununla bağlı X3 məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi vəsaiti hesabına 24 manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X5 hüquqi yardım göstərilməsinə görə müdafiəçi X12 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar