Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3490/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, xx xxxxx 2001-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində idarə etdiyi “VAZ 2107” minik markalı **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, N.Gəncəvi prospektində hərəkətdə olan zaman X2 idarə etdiyi “Mercedes Benz E 200” markalı **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla Şəxs az ağır, X2 yüngül xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 19 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 14 noyabr 2023-cü il tarixli 1707 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş BD112351 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli, 3425/2023 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X6 Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs məhkəməyədək verdiyi izahatında əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(125)-3490/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3490/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver