Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3512/2025 16.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Həsənli Məhəmməd Vahid oğlunun, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTBnin polis sahə rəisi Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi Nümayəndə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək həmin akt əsasında yazılmış 300 manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, uşaqlıqdan 2-ci qrup əlildir, ayda 393,92 manat pensiya alır, mülkiyyətində olan ünvan 1, mənzil 16-da təmir işləri aparılır. Təmirə avqust ayının 10-dan başlanmışdır. Evdə yenidənqurma işləri ilə bağlı söküntü işləri aparıldığından bəzi tikintiyə yararsız divar kağızları və gəj söküntülərini yaşadığı binanın, giriş etdikləri blokun gediş-gəlişə maneəsi olmayan hissəsinə səliqə ilə toplamışdır. 20-25 torba olanda əlavə yük maşını tutaraq ərazidən kənarlaşdırmışdır. Söküntü davam etdiyindən sonra yenə də biraz atılası lazımsız tikinti materiallarından ibarət tullantıları polietilen torbalara yığaraq blokun gediş-gəlişdən kənar sahəyə toplamışdır ki, sonra yenə əlavə texnika cəlb etməklə binanın qarşısından götüzdürsün. xx.xx.2025-ci il tarixdə mənzilinə iki polis əməkdaşı yaxınlaşaraq evdə təmir işi apardığına görə onlara “hörmət” etməsini bildirmişdir. “Hörmət et” deyən sahə müvəkkilinin adı Hacıyev Rəhim idi. Ona dəfələrlə demişdir ki, sovet dönəmindən təmir olunmuş evini oğlu və onun dostu təmir edirlər, yararsız divar kağızları və digər təmirə yaramayan atılası materialları özü binanın giriş blokunun insanların hərəkətinə maneə olmayan hissəsində toplamışdır ki, sonra öz xərci ilə kənarlaşdırsın. Bunlara məhəl qoymayaraq polis əməkdaşları barəsində inzibati protokol tərtib edəcəklərini bildirdilər. Polis müvəkkilinin yanında Mənzil İstismar Sahəsinin heç bir nümayəndəsi yox idi. Sonra o, xx.xx.2025-ci il tarixində şəxsi kabinetində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən 300 manat cərimə tətbiq olunduğunu görmüşdür. X4 məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, yaşadığı ünvanda xx.xx.2025-ci il tarixdə evinin təmirinə başlamışdır. Evindən çıxan inşaat tullantılarını evinin eyvanı qarşısında olan boş torpaq sahəsində torbalara yığaraq səliqəli şəkildə 20- 25 kisə olanda maşınla daşıtdırıb atdırmış və heç kimə maneə törətməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə evini təmir edən oğlunun dostu ona qapının bərk döyüldüyün demiş, o qapını açanda sahə müvəkkili mənzil kommunalın işçisi yanında olmadığı halda ona təmir etdiyinə görə “mənə hörmət et” demiş, o məbləği soruşanda 200 manat istədiyini bildirmiş, o razılaşmadığı üçün 300 manat cərimə edəcəyini demişdir. Protokol yazanda imza etməyəcəyini bildirəndə sahə müvəkkili “qrupa” çağıracağını və polis bölməsinə aparılacağını demişdir. O, şəxsi maşına yaxınlaşsa da, sahə müvəkkili ekipajı gözləməsini bildirmişdir. Lakin bu zaman əlində telefon olmamışdır ki, çəkiliş etsin. Cərimə yazan sahə müvəkkili maşından kağızlar cırıb yerə atmış, gələn polis maşınına minməyini demişdir. Lakin cinayətkar olmadığını, şəxsi maşını ilə gedəcəyini bildirəndə sahə müvəkkili ona “səni sürüyərək aparacam” demiş, bu zaman gözündə olan maya dəyəri 120 manat olan eynəyi əl atanda düşüb sınmışdır. Gələn polis işçiləri də sahə müvəkkilindən xahiş etmişdir ki, “cərimə yazma, ağsaqqal qanunu bilir”. Sahə müvəkkili cərimə yazmadığını bildirsə də, o, xx.xx.2025-ci il tarixdə telefonuna baxanda cərimənin yazıldığını görmüş və “102” xidmətinə zəng vuraraq iradını bildirmişdir. 2-ci Polis Şöbəsinə gedib məhkəməyə müraciət edəcəyini bildirmiş, bir neçə dəfə müraciətdən sonra xx.xx.2025-ci il tarixdə qərarı almışdır. Odur ki, müddətinin keçməsində günahı olmamasının və 2-ci qrup əlil olmasının nəzərə alınaraq işinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X4 izahatında bildirdi ki, binanın birinci mərtəbəsində yerləşən evində yenidənqurma işləri ilə bağlı söküntü işləri aparıldığından bəzi tikintiyə yararsız tullantıları yaşadığı binanın giriş etdikləri blokun gediş-gəlişə maneəsi olmayan hissəsinə səliqə ilə toplamışdır. 20-25 torba olanda əlavə yük maşını tutaraq ərazidən kənarlaşdırmışdır. 25 iyun 2025-ci il tarixdə evdə təmirə başlamış, 16 avqust 2025-ci il tarixdə təmiri yekunlaşdırmışdır. Sahə müvəkkili Nümayəndə qapını bərk döymüş, evdə usta işləyən oğlunun dostu evin qapısının bərk döyüldüyünü deyəndə qapını açmış, sahə müvəkkilinin bir nəfər polis əməkdaşı ilə gəldiyini görmüşdür. Sahə müvəkkili ona cərimə yazılacağını bildirmiş, o isə cavabında tikintiyə yararsız tullantıların (gəj tullantılarının) məişət tullantıları hesab olunmadığını, həmçinin 7 nömrəli Mənzil İstismar Sahəsindən arayışın daxil olmalı olduğunu demişdir. Protokola imza etməyəcəyini bildirəndə polis ona “qrupa” çağıracağını, məcburən polis şöbəsinə getməli olduğunu, getmədiyi halda “sürüyə-sürüyə” aparacağını qeyd etmiş, o isə cavabında cinayətkar olmadığını, şəxsi avtomobili ilə polis şöbəsinə gedə biləcəyini demişdir. Həmçinin cərimə yazan sahə müvəkkili maşından kağızlar cırıb yerə atmışdır. Bu zaman hirsləndiyi üçün 120 manat dəyərindəki eynəyi yerə düşərək sınmışdır. Bununla bağlı DİN-in “102” xidməti zəng mərkəzinə müraciət etmiş, həmçinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getmiş, dəfələrlə müraciətdən sonra xx.xx.2025-ci il tarixdə qərarı almışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, sahə müvəkkili ondan 200 manat pul istəmiş, pul vermədiyinə görə cərimə olunmuşdur. Həmin vaxt telefon əlində olmadığına görə videoçəkiliş edə bilməmişdir. Zibil qabının yanında məişət tullantıları olmasına baxmayaraq sahə müvəkkili onlara göz yumur. O, Nümayəndə təhdid etməmiş, sadəcə rəisin onu tanıdığını bildirmişdir. Məhkəmə iclasında Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi Nümayəndə izahatında bildirdi ki, mütəmadi olaraq inzibati ərazidə məişət tullantılarına dair reyd aparılır, inzibati xəta törətmiş şəxslər barəsində protokol tərtib edilir. İnzibati ərazidə hərəkətdə olarkən ünvan 1 ünvanının qarşısında olarkən məişət tullantılarının binanın sol tərəfinə atıldığını görmüş, inzibati xətanı törətmiş şəxsi aşkar etmiş, protokol tərtib etmişdir. Məişət tullantıları taxta, daş və sement kisələrindən ibarət idi, həmin tullantılar zibil qutusuna atılmalı olduğu halda, binanın qarşısına qoyulmuşdur. Hətta qərardan şikayət vermiş şəxs protokol tərtib olunduğu vaxtdan 40 gün ərzində zibili binanın qarşısından götürməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, qərardan şikayət verən şəxs X4 onu təhdid edərək “sən kimsən, mənə protokol yazırsan”, “protokol yazsan, özün ödəyəcəksən”, “sənin rəisin mənə heç nə edə bilməz, sən nə edəcəksən” tipli ifadələrdən istifadə etmişdir. Qərarın surəti məlumat xarakterli olaraq vətəndaşa təqdim edilmişdir. Odur ki, şikayətin əsassız olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis baş leytanantı X5 ifadəsində bildirdi ki, Nümayəndə ilə birgə inzibati ərazidə xidmət edərkən binanın qarşısında məişət tullantılarının olduğunu müşahidə etmiş, inzibati xəta törətmiş şəxsin X4 aşkar olunmuşdur. X2 Nümayəndə tərəfindən hüquqları izah edilərək barəsində protokol tərtib olunacağı bildiriləndə əsassız yerə dava etməyə, səs-küy salaraq ətrafdakıların diqqətini cəlb edərək ona heç bir şey edə bilməyəcəklərini, başlarına oyun açacağını demişdir. Hadisə zamanı ətrafda olan digər şəxslər X3 uzaqlaşdırmaq istəyirdilər ki, mübahisə yekunlaşsın. Bu zaman X1 eynəyi yerə düşərək sınmışdır. Nə onun, nə də Nümayəndə vətəndaş X4 ilə heç bir təması olmamışdır. Protokolun vətəndaş X2 verilməli hissəsi ona təqdim edilsə də, vətəndaş onu götürməmiş, buna görə də o hissə külək nəticəsində yerə düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından məlum olur ki, X4 xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində yaşadığı binanın qarşısına və bloka məişət tullantıları atdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsinə əsasən 300 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. - Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 57-2/2-C-23058/42/25 nömrəli cavab məktubundan görünür ki, X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilmiş müraciət araşdırılmış, araşdırma zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşının hərəkətlərində qanun pozuntusu müəyyən edilməmişdir. Eyni zamanda X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. -X4 tərəfindən binanın qarşısında olan məişət tullantılarının görüntüsünü əks etdirən 01 ədəd “CD” disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respulikası Qanunun 1-ci maddəsinə əsasən tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalardır. Həmin Qanunun 12-ci maddəsinə əsasən məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Belə ki, məhkəmə iş materiallarını, inzibati xəta haqqında araşdırma materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək bu nəticəyə gəlmişdir ki, şikayət əsassızdır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X4 barəsində haqlı olaraq inzibati protokol tərtib edilərək qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati Xətalar Məcəlləsinin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə şikayət edilən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən və bununla bağlı şikayətçi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3512/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3512/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver