Məhkəmə qərarları › İş №3(125)-3517/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3517/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3517/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Umud oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Göygöl rayonunda doğulmuş, evli, Göygöl rayonu, Köşkü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə o, bacısı oğlunun avtomobilini qeydiyyat şöbəsindən keçirdən zaman onların növbəsi olduğu halda onları qəsdən gözlətmişlər və o da bunu görə irad bildirdikdə adını bilmədiyi polis mayoru onun üstünə qışqırmışdır. Daha sonra ondan şəxsiyyət vəsiqəsini istəmiş, vəsiqəsinə baxdıqdan sonra qaytarmadığı üçün aralarında sözlü mübahisə olmuşdur. Qeyd olunanlara əsasən barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə RMİ-nin polis nəfəri X8 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDY-nin GRİ və TBŞ-də xidmətdə olan zaman Şəxs və X3 inzibati binaya daxil olmaq istədikdə Şəxs adına sənəd olmadığı məlum olmuşdur. Bu barədə Şəxs məlumat vermişdir ki, adına sənəd olmadığına görə içəri daxil ola bilməz. Həmin vaxt Şəxs səs-küy salaraq onun və digər polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və onu itələyərək inzibati binaya daxil olmuşdur. Sonra orda da səs-küy salaraq iş rejimini pozaraq polis əməkdaşlarına hədə qorxu gəlmiş və onu yenidən nə qədər nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X4 digər şahid X8 ilə eyni məzmunda ifadə verərək, onun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə onun avtomobilini texniki baxışdan keçirmək üçün qeydiyyat şöbəsində olan zaman dayısı Şəxs onun əvəzindən avtomobili qeydiyyatdan keçirtməyə görə dayısı Şəxs da onunla birlikdə içəri keçməyə çalışan zaman polis əməkdaşı onlara avtomobil sahibinin yalnız içəri keçə biləcəyini bildirdi və bundan sonra polis əməkdaşları ilə dayısının arasında mübahisə yarandı. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli 066456 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli 033346 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləlikə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, 2-ci qrup əlil və müharibə veteranı olmasını və inzibati xəta haqqında iş üzrə digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar