Məhkəmə qərarları › İş №3(125)-3520/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3520/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3520/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Kamaz sürücüsüdür. xx.xx.2025-ci il tarixdə idarə etdiyi Kamaz-55111 markalı **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə tonnajdan da aşağı çəkidə gips daşı yüklədikdən sonra Bakı şəhəri istiqamətində yola çıxmışdır. Ucar rayonunun Alpout kəndi ərazisində yerləşən tərəzidə çəkilib maşınının yedəklə (priseplə) birlikdə 41 ton 540 kiloqram çəkisi olduğu müəyyən edilmişdir. Maşını yola davam etdikdən sonra yolda quraşdırılmış elektron tərəzi vasitəsilə guya maşınının artıq yüklə yüklənməsi, daha doğrusu, elektron tərəzidə 46260 kiloqram yükü olması göstərilərək haqqında inzibati xəta haqqında tənbeh vermə qərarı tərtib edilmiş, buna görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir deyə ona 600 manat cərimə tənbehi tətbiq edilmişdir. O, bununla razılaşmır. Ona görə ki, o, heç bir inzibati xəta törətməmişdir. Onun idarə etdiyi yük maşını çəkilmiş və yükü tonnajdan aşağı çəkidə yola çıxmışdır. Bu barədə maşın yüklənəndən sonra çəkinin miqdarı qeyd olunmuş çeklə yola düşmüşdür. Bu səbəbdən də o, yoluna arxayın davam etmişdir. Amma bilməmişdir ki, yolda quraşdırılmış elektron tərəzinin nasazlığı səbəbindən ona yüksək məbləğdə cərimə tənbehi tətbiq ediləcəkdir. Bu isə onu təqsiri deyil. Ona görə də əməlində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X3 barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə yaranır. İş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, məhkəmə iclasında sürücü heç bir inzibati xəta törətmədiyini və “KAMAZ 55111” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 41540 kiloqram olduğunu bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan 26 sentyabr 2025-ci il tarixə və xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda Seymur Məhərrəmovun təqsirini sübuta yetirmək mümkün olmamışdır. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati tənbeh edilməsi işin faktiki hallarına uyğun deyil və İXM-nin prinsiplərinə ziddir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalı, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134.1.3 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30595278 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar