Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3521/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci polis şöbəsinin İTB-in polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə 102 xidmətinə müraciət edərək ölkə rəhbərliyinə və baş idarənin əməkdaşlarının ünvanına təhqiramiz söyüşlər söymüşdür. Məhkəmə iclasında Gəncə şəhər 1-ci polis şöbəsinin İTB-in polis sahə rəisi X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, qonşu ilə aralarında it üstündə yaranmış mübahisə nəticəsində şəxs 102 xidmətinə zəng etmiş və ölkənin rəhbər şəxslərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə yerinə gedib onu polis bölməsinə dəvət edən zaman isə o, tabesizlik göstərmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci PŞ-nin, polis kapitanı Şahid1 öz ifadəsində qeyd etmişdir ki, o,102 xidmətinə daxil olmuş müraciətlə bağlı hadisə yerinə getmiş və Şəxs ucadan nalayiq ifadələrlə ölkə rəhbərliyinin ünvanına təhqir edici ifadələr işlətdiyinin şahidi olmuşdur. Ona yaxınlaşaraq bu hərəkətlərin yol verilməz olduğunu bildirsə də Şəxs ona tabe olmamışdır. Məhkəmə iclasında dindirilmiş digər şahid polis leytenantı Şahid2 öz ifadəsində qeyd etmişdir ki, Zərdabi küçəsində xidmət apararkən şəxsin ucadan telefonda təhqir edici ifadələr işlətdiyini görmüş, onu ictimai qaydalara əməl etməyə dəvət etsə də, Şəxs tabe olmayaraq nalayiq ifadələrinə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində təqsirli bilərək ifadəsində ikinci qrup əlil olduğunu, psixoloji problemləri olduğu üçün, qonşu ev onun evinə bitişik olduğundan qonşuluqdakı itin səsinin onun narahat edərək əsəblərinə təsir etdiyini, bu səbəbdən 102 xidmətinə zəng vurduğunu bildirmişdir. Polis əməkdaşlarının onu evindən çıxarıb apardığını, onların dediyi kimi küçədə olmasını təkzib etmiş, və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan DİN-in Növbətçi hissələri idarəetmə xidmətinin rəisi, polis palkovniki Mirəziz Mirəliyevin raportundan görünür ki, xx.xx.2023-cü il tarxdə saat 10:21 dəqiqədə Gəncə şəhəri, Zərdabi küçəsi, döngə 2, ev 15-də yaşayan vətəndaş Şəxs (055) ***-**-** nömrəsindən 102 xidmətinə zəng edərək, qonşuluğunda yaşayan Mehriban adlı qadının onu narahat etməsi ilə əlaqədar Gəncə şəhər BPİ-yə etdiyi müraciəti əsasında aparılan araşdırmadan narazı olduğunu bildirib, ölkə rəhbərliyinin və Baş idarənin əməkdaşlarınını ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan Gəncə şəhər 1-ci PŞ-nin, CAB-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 raportunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri İ.Qayıbov küçəsində İTB-in polis sahə rəisi, polis leytenantı Raul Niftəliyev və polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman, adı sonradan məlum olan Şəxs özünə məxsus mobil telefon ilə danışaraq ucadan nalayiq ifadələr işlədib ətrafda olan inssanların diqqətini özünə cəlb etməsini görüb, yaxınlaşıb onu nizam-intizama dəvət etsələrdə, buna məhəl qoymamış, əməkdaşlara tabesizlik göstərmişdir. O, polis əməkdaşları tərəfindən 1ci polis bölməsinə təhvil verilmişdir. Sonda isə polisə qarşı etdiyi müqavimətin, işlətdiyi nalayiq sözlərin, etdiyi təhqirlərin, cəzasız qalmamasını və qanuni barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, əməlini etiraf etməsini, bundan başqa İİ qrup əlil olması onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla belə Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 15:45-da inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində cərminin dörddə üçü həddində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3521/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3521/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver