Məhkəmə qərarları › İş №3(125)-3534/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3534/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3534/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X5, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X8 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qanunsuz olaraq İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ ilə atasına məxsus olan, etibarnamə ilə idarə etdiyi Vaz 2107 markalı 20DC311 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri Nzami küçəsində hərəkətdə olarkən Gəncə şəhər X11 Şöbəsinin əməkdaşları onun avtomobilini saxlamışlar və bildirmişlər ki, rəisin göstərişidir, maşını duracağa yerləşdirilməlidir. O, səbəbini soruşduqda, demişlər ki, sonra bilərsən. Beləliklə, heç bir qanuni səbəb göstərmədən maşını duracağa yerləşdirmişlər. xx.xx.2024-cü il tarixdə X9 getmiş və maşınının nə üçün duracağa yerləşdirilməsini soruşmuşdur. Onlar dedilər ki, guya maşınının arxası aşağıdır. O, bildirmişdir ki, maşının yük yerində bəzi ləvazimatları var, ona görə arxa hissə azca aşağı görsənir, həmçinin məlumat vermiş ki, maşının asqı yaylarını bir ay əvvəl dəyişmiş və yenidir. Onlar asqı yaylarını yoxlamadan, yük yerinə baxış keçirmədən protokol tərtib etdilər. Sonra isə dedilər ki, maşını götürmək üçün asqı yaylarını başqası ilə əvəz etməlisən, o, məcbur qalaraq Yol Polisi şöbəsindəki ustaya müraciət etmiş və asqı yaylarını dəyişdirmişdir. Usta bildirdi ki, maşının üstündəki asqı yayları zavod istehsalıdır, dəyişərək yeni qoyduğumuz asqı yaylın da zavod istehsalıdır və heç bir fərq yoxdur. Bütün bunlar videoya da çəkildi, o, onlara da bu nəticəni bildirsə də, YPX əməkdaşları dedilər ki, narazısansa məhkəməyə müraciət et. Qeyd edir ki, protokolu da yerində tərtib etmədilər, çünki heç bir səbəb yox idi. Beləliklə haqsız qərarla 150 manat cərimə tətbiq etdilər. Maşınının asqı yayları zavod istehsalı idi və hazırda da yoxlamaq üçün saxlamış, istənilən vaxt təqdim edə bilər. Özləri də bunu bilə-bilə cərimə yazdılar. Bu haqsızlığa qarşı ona köməklik edilməsini xahiş etmişdir. Cərimə haqsızdır və qərəzli olaraq yazılıb. Xahiş edir ki, pozuntuya dair sübutlarını, əgər varsa videogörüntü təqdim etsinlər və bu barədə sorğu göndərilməsini xahiş edir. Üstəlik onu məcbur edib 40 manata yeni asqı yayı aldırmışlar. 10 manat da ustaya vermişdir. Yol Polisinin bu hərəkəti qətiyyən qanuni deyil və başa düşülən deyil. Protokolda 327.1-ci və 242.2.3-cü maddələrini qeyd ediblər. Halbuki bu maddələrdə qeyd edilən heç bir inzibati xətaya yol verməmişdir.O bu qərarla razılaşmır. Onun barəsində “X8 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki,Gəncə şəhər Nizami prospektində hərəkətdə olarkən avtomobilinə saxla əmri verilmişdir.O, saxlamış və ona bildirmişlər ki, rəisin göstərişi var. Səbəb ona izah edilməmişdir. Bu hadisə artıq 4-ci dəfədir ki, onun başına gəlmişdir. O, əvvəllər də cərimə olunmuş və həmin cərimələri ödəmişdir. Onun barəsində tərtib edilmiş “X8 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Nizami prosbektində xidmətdə olduğu zaman **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozuntusu etdiyi üçün saxlanılmışdır. Ona maşının arxa hissəsinin çox aşağı olduğunu bildirərək maşını duracağa aparmışlar. Mütəxəssis çağırmışlar rəy verilmiş və protokol tərtib edilmişdir. Sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli elektron qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində saat 22:10 radələrində ona məxsus “VAZ 21074” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manev etmə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində inzibati xəta törətmişdir, yəni Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində elektron qaydada X8 haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXM-nin 327.1-ci 342.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş tövsiyə xarakterli rəydən görünür ki, VAZ21074 minik markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobilin zavod konstruksiya layihələndirmə quruluşuna müdaxilə olunmuş, arxa yaylar sıxılmış, keyfiyyətini itirmiş, yararsız olmuş və gələcək istifadəsi məsləhət deyil. Dəyişdirilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunur ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, X2 inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamışdır. X2 təqsirli olması “X8 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Eyni zamanda “Avtomotoservis və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş rəy tövsiyə xarakteri daşıyır. Belə olan halda, məhkəmə iş üzrə qeyd edilmiş şübhələri şikayətçinin xeyrinə həll edir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X8 haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi qərarın qanuniliynə dəlalət edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, şikayət vermiş şəxsin gətirdiyi dəlillər onun xeyrinə həll edilməklə onun şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli TP ******* saylı X8 haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar