Məhkəmə qərarları › İş №3(125)-354/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-354/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-354/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, şikayətçi Mənsurlu Mənsur Hicran oğlunun iştirakı ilə, Mənsurlu Mənsur Hicran oğlunun xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mənsurlu Mənsur Hicran oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər X3 Şöbəsinin əməkdaşı polis mayoru X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər X3 Şöbəsinin əməkdaşı polis mayoru X1 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ilə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirlir bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati tənbehvermə haqqında qərarın surətini 20 dekabr 2023-cü il tarixdə əldə etmiş, şikayət ərizəsi məhkəməyə 08 yanvar 2024-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin normaya əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat məbləğdə cərimə edilir. Lakin polis orqanı tərəfindən ona məxsus nəqliyyat vasitəsində hansı normativ tələblərin pozulması göstərilməmişdir. Hansı ki, bu göstərilə də bilməz. Çünki idarəçiliyində olan ona məxsus VAZ 21214 minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı normativ tələblər pozulmamış, avadanlıq quraşdırılmamış və ya dəyişdirilməmişdir. Bu halda isə inzibati xəta tərkibi yaranmır. Çünki, İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Onun isə hansı hüquqazidd əməl törətməyi məlum deyildir. X3 əməkdaşı sadəcə olaraq ona məxsus avtomaşında hər hansı bir problem tapmadığı üçün ümumi şablon olaraq yuxarıda istinad etdiyi norma ilə ona cərimə etmişdir. Əksi sübut olunacağı təqdirdə onlarla razılaşmaq olardı. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. Nəzərə almaq lazımdır ki, qərarı qəbul etmiş orqan sübuta yetirməlidir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən inzibati xəta törədilmişdir.Sonda o, şikayətinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Gəncə şəhər X3 Şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, Mənsurlu Mənsur Hicran oğlu İXMnin 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, şikayətçi Mənsurlu Mənsur Hicran oğlunun inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinin tövfisedici əlaməti normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasından və ya dəyişdirilməsindən ibarətdir. Məhkəmə tərəfindən Gəncə şəhər X3 Şöbəsinə göndərilən sorğuya cavab olaraq inzibati xətaya aid foto və ya video görüntülər, həmçinin başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən Mənsurlu Mənsur Hicran oğlunun nəqliyyat vasitəsinə hər hansı normativ tələblər pozulmaqla avadanlığın quraşdırıması və ya dəyişdirilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Mənsurlu Mənsur Hicran oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Mənsurlu Mənsur Hicran oğlunun təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mənsurlu Mənsur Hicran oğlunun şikayəti təmin edilsin. Mənsurlu Mənsur Hicran oğlu barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar