Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3547/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin X6 Şöbəsinin polis kiçik serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonunun Sərkar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 01 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5, 342.1.3 və 342.7ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin X6 Şöbəsinin polis kiçik serjantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, maşınının nömrəsinə müdaxilə etmiş, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Törətdiyi əmələ görə çox peşmandır. 2-ci qrup əlildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirdi ki, onlara maşının dövlət qeydiyyat nişanına sürücü tərəfindən müdaxilə olunması ilə bağlı məlumat daxil olmuşdur. Onlar sürücüyə yaxınlaşıb bu halı izah etmiş və onu Gəncə şəhər Baş Polis İdarəsi X6 Şöbəsinə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -01 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəaliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 332.5 -ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi, 342.1.3-dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına, 342.7-saxta dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmək halına (hallarına) yol verilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5, 342.1.3 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. -Elektron sistemdən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla 456 manat müavinət alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 332.5-ci maddəsinə əsasən umumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş elektron arayışdan Şəxs 2-ci dərəcəli əlil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişiklik edilmiş və Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Belə ki, İ, İİ və İİİ dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur. Belə olan vəziyyətdə, Qaydalara əsasən Şəxs orqanizm funksiyalarının 61-80 faiz nisbətində pozulması müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 332.5-ci maddəsinin sanksiyasında bir növ inzibati tənbeh –həbs inzibati tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 28.4.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər hamilə qadınlar, himayəsində üç yaşınadək uşağı olan qadınlar, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, pensiya yaşına çatmış qadın və kişilər, hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin 2-ci qrup əlil olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta haqqında protokolda göstərilmiş digər inzibati xətalara münasibətdə məhkəmə bildirir ki, protokolda göstərilmiş İnzibati Xətalar Məcəlləsinin digər maddələri (332.1, 342.1.3 və 342.7) Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.8-ci bəndinə əsasən baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətalara baxılma səlahiyyəti müxtəlif orqanlara aid olsa da onlar barəsində vahid protokol tərtib edilmişdir. Bu baxımdan, məhkəmə İXP6589746 saylı protokolu 332.5-ci maddəyə aid hissədə əsaslı hesab edir, həmin hissədə protokolu təmin edərək inzibati tənbeh verir, digər xətalara hüquqi qiymət verilməsi üçün protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X6i Şöbəsinə geri qaytarılmasını zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.1.3 və 342.7-ci maddələrində müəyyən olunan tənbeh tədbiri məsələlərinə baxılması üçün xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin X6i Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3547/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3547/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver