Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3556/2023 27.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 18102227 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18102227 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş X1 istifadəsində olan **-DU-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” minik markalı nəqliyyat vasitəsi ilə guya Gəncə şəhəri, Nizami prospektində İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Halbuki xətanın mövcudluğunu qəti olaraq inkar edir. Belə ki, sözügedən küçədə təmir işi getdiyindən bir qədər sol hissədən keçmiş, həmin hissədə xətt olmamışdır. Bütün avtomobillər onun etdiyi kimi həmin hissəni bir qədər soldan adlayaraq hərəkətə davam etmişlər. Həmin hissənin videosunu və fotoşəkillərini də qeydə alaraq məhkəməyə təqdim etmişdir. Odur ki, Elməddin Abbasov inzibati xəta törətmədiyini bildirərək barəsində olan inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş haqqında inzibati tənbeh protokolu tərtib edilmiş şəxs X2 öz ifadəsində bildirdi ki, Nizami prospektində tikinti işləri aparıldığı üçün o, manevr edərək sol tərəfə yola çıxaraq maneəni keçmişdir. Həmin vaxtlarda bütün avtomobillər həmin maneəni ötüb keçmişlər. Sonda isə, heç bir inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarı və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 18102227 nömrəli qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə “Kia Pride” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması, yəni Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 80 (səksən) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamış, o cümlədən səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-in yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X1 barəsində Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Dövlət Yol Polisi idarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 18102227 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18102227 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3556/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3556/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver