Məhkəmə qərarları › İş №3(125)-3557/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3557/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3557/2025 30.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işəgötürən X2 (VÖEN – **********) yanında mebel ustası işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs barəsində olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-1709/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs Fərhad qızına ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə ə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək borcundan ödəniş etməmiş, hazırda borclunun bu günə olan borcu 1070 manat təşkil edir. Borclu sonuncu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bundan əlavə olaraq borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu borcundan bu vaxta kimi cəmi 200 manat ödəniş etmişdir. Protokolu müdafiə edərək hər bir halda təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə borcundan 200 manat ödəyəcək, bunun üçün ona vaxt verilməsini xahiş edir. Həmçinin əlavə etmişdir ki, 200 manat borcundan və 200 manat aylıq alimentindən olmaqla, hər ay 400 manat ödəniş edəcək. Ödəmədiyi halda məsuliyyətə cəlb edilməyə razıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcundan bu vaxta kimi 200 manat ödəniş etmişdir. Hər ayın əvvəli 200 manat və hər ayın sonu 200 manat ödəyə bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tərəfindən ona hazırkı məhkəmə iclasına kimi 200 manat ödəniş edilmiş və 870 manat aliment borcu qalmışdır. Şəxs tərəfindən hər ay 200 manat aliment və 200 manat yığılmış borcdan ödənilməli pul olmaqla, ümumilikdə 400 manat pul vəsaitinin ona ödənilməsi barədə ərizəsi ilə razılaşır. Borc vaxtlı-vaxtında ödənilmədikdə Şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarında olan: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1709/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. - 03 aprel 2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, 03 aprel 2025-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - 03 aprel 2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmiş, həmin bildiriş 21 aprel 2025-ci il tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. - 21 aprel 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildiriş 21 aprel 2025-ci il tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. - Borclu 21 aprel 2025-ci il tarixdə İdarədə verdiyi izahatında bildirmişdir ki, bugünə qədər maddi imkanı olmadığına görə ödəməmişdir, xx.xx.2025-ci il tarixində aliment borcundan 250 manat ödəyəcək, qalan borcunu isə hissə-hissə ödəyəcək. Əlavə olaraq bildirmişdir ki, onunla yaşayan oğlu Mustafayev Eltunun saxlanılması üçün qarşı tərəf Zərərçəkmiş şəxs alimentin alınaraq ona verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. - Borclu 06 may 2025-ci il tarixdə İdarədə verdiyi izahatında bildirmişdir ki, icra sənədindən xəbəri yoxdur, buna görə də icra sənəd üzrə tələbi icra etməmişdir, heç bir ödəniş etməmişdir, lakin icra sənədi üzrə aliment borcunu ödəyəcək. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. - 08 may 2025-ci il tarixli “inzibati məsuliyyətə cəlb olunması haqqında” xəbərdarlıqdan görünür ki, borcluya icra sənədi üzrə borcunu 10 gün müddətində ödəmədiyi təqdirdə barəsində protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Zərərçəkmiş şəxs 23 may 2025-ci il tarixdə İdarədə verdiyi ərizəsində qeyd etmişdir ki, borclu xx.xx.2025-ci il tarixdə ona 100 manat ödəniş etmişdir, borclunun həmin gün üçün ona 500 manat məbləğində aliment borcu var. Belə ki, borclu barəsində görülmüş icra tədbirlərinə baxmayaraq alimenti ödəmir. Odur ki, yaranmış aliment borcunun ödənilməsi üçün müvafiq məcburi icra tədbirlərinin, o cümlədən borclunun barəsində axtarış işinin açılmasına dair göstəriş verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs 18 sentyabr 2025-ci il tarixdə İdarədə verdiyi ərizəsində qeyd etmişdir ki, borclunun 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, cəmi 1070 manat yığılmış aliment borcu var, həmin borcu hazırda ödəmir. Şikayətçidir, pulunu tam tələb edir, borcunu tam ödəmədiyi halda qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. - Borclu 18 sentyabr 2025-ci il tarixdə İdarədə verdiyi izahatında bildirmişdir ki, məhkəmə qərarından məlumatlıdır. Aliment borcunu bu günə kimi tam ödəməməsinin səbəbi işinin olmamasıdır. Bu günə qədər 400 manat ödəniş etmişdir. Hazırda 2025-ci ilin sentyabr ayı da daxil olmaqla, 1070 manat yığılmış aliment borcu var. Göstərilən borcu hazırda ödəyə bilmir, alimentindən hazırda ödəniş edə bilmir, yığılan borcundan oktyabr ayının 5-də maksimum 150 manat ödəyə bilər. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. - “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs işəgötürən X2 (VÖEN – **********) yanında mebel ustası vəzifəsində işləyərək 400 manat əmək haqqı alır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1709/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi dərhal icraya yönəldilmiş, sonuncu məhkəmə iclasından əvvəl Şəxs borcundan 200 manat ödəniş etmiş və geri qalan məbləği hissə-hissə ödəyəcəyi barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda o, hazırda rəsmi olaraq işləyir onun maaşından borcuna görə tutumalar olmamışdır. Bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar