Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3560/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də sosial işçi, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, protokolda qeyd edilən əməllər həqiqətən onun tərəfindən törədilmişdir. Amma həmin hadisənin baş vermə səbəbi odur ki, o, Vətən müharibəsi iştirakçısıdır, 21 sentyabr 2024-cü il tarixdə isə ad gününə gələcək qonaqları qarşılamaq üçün maddi dəstəyə ehtiyacı olduğundan Gəncə şəhər DYPŞ-nə getmiş və orada rəis ilə görüşmüşdür. Rəis isə orada Nail adlı polis əməkdaşına demişdir ki, Pərvizə maddi köməklik göstər bu gün onun ad günüdür, qonaqları var. Bundan sonra o, həmin şəxsin yanına getmiş, Nail isə ona 40 manat pul verdikdə o, bundan imtina etmişdir. Bu zaman orada olan polis əməkdaşları onunla kobud davranmışdır. Həmin gün onu polis əməkdaşları 1-ci Polis Şöbəsinə gətirmişlər, orada isə o Vətən müharibəsi iştirakçısı olduğu üçün onu buraxmışlar. 01 oktyabr 2024-cü il tarixdə o, 1-ci Polis Şöbəsinin inzibati binasında olarkən polis əməkdaşlarının ona qarşı olan münasibətindən narazı qalaraq əsəbləşmiş və bu səbəbdən orada səs-küy olmuşdur. Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin rəisi, polis mayoru X1 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 1-ci Polis Şöbəsinin inzibati binasına gəlmiş Şəxs təxminən 10 gün əvvəl də Gəncə şəhər DYPŞ-nin inzibati binasına gedərək orada polis əməkdaşlarından pul istədiyini, lakin oradan kənarlaşdırıldığını, həmin məsələ ilə bağlı şikayət edəcəyini bildirərək yenidən polis əməkdaşlarından pul tələb etmişdir. Həmin şəxs vətən qazisi olduğunu təkrar-təkrar bildirərək hər kəsin onlara borclu olduğunu ucadan qışqıraraq iş rejiminin ahəngini pozmuşdur. Vətəndaş Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs yenə də öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan İ-3761 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-47214 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə edilmiş sorğudan görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş hadisənin görüntüsünü və səs yazısını özündə əks etdirən DVD-disk ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini və törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, səmimi peşmançılığını, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini, “Şuşanın azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, 2-ci qrup əlil olmasını, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları və İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3560/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3560/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver