Məhkəmə qərarları › İş №3(125)-3562/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3562/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3562/2025 23.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X1 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs “Bravo” mağazasından 174,45 manat dəyəri olan ərzaqları oğurlamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X1 inzibati xəta haqqında protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, protokolda göstərilən əmələ görə iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən zərərçəkmiş şəxs “Bravo supermarketlər şəbəkəsində (Azərbaycan Supermarket MMC-nin) mağaza müdiri (oğurluq hadisəsinin olduğu mağazada) işləyən X2 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda Şəxs mağazaya dəymiş ziyanı ödəmiş və barışıq əldə olunmuşdur və ondan heç bir şikayətləri yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısının xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “Bravo” marketdən 174,45 manat dəyərində olan ərzaq mallarını oğurlayan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin aidiyyəti əməkdaşına göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs “Bravo supermarketlər şəbəkəsinin (Azərbaycan Supermarket MMC-nin)” mağaza müdiri X2 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-50, 53, 105, 106, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar