Məhkəmə qərarları › İş №3(125)-3603/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3603/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3603/2025 01.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli EQ30557864 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30557864 saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi ** KZ *** dövlət qeydiyyat nişanlı VOLKSV/AGEN İD-6 PURE PLUS MİNİK markalı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 09:59:24-də Gəncə şəhər Atatürk prospekti ilə M.Abbaszadə küçələrinin kəsişməsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması müəyyən olunmuş və bu səbəblə barəsində EQ30557864 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar əsasında AR İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə olunmuşdur. O, bildirmişdir ki, barəsində olan həmin qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, o, xx.xx.2025-cı il tarixdə saat 09:59:24-də Gəncə şəhəri, X4 küçəsi ( keçmiş Çaparidze küçəsi ) ev 48-də atasıgildə olmuş və ona məxsus yuxarıda göstərilən avtomobil də ( səhərdən günortayadək ) həyətin içərisində olub. Həmin vaxt onunla birgə həmin ünvanda atası, anası, həyat yoldaşı və oğlu olmuşdur ki, onlar bunu təsdiqləyə bilərlər. xx.xx.2025-ci il tarixdə saat 10.02-də onun telefonuna “AsanPay”dən EQ30557864 protokol üzrə xx.xx.2025 tarixindən qərar qüvvəyə minməsi barədə məlumat gəlmişdir. E.Məmmədov bildirdi ki, inzibati xətanın törədildiyi tarix xx.xx.2025 saat 12.29 göstərilib, halbu ki, ona cərimə barədə mesai xx.xx.2025 saat 10.02-də daxil olmuşdur. O, bildirdi ki, ona 2 saat 30 dəqiqə əvvəldən olacaq hadisə barəsində əvvəlcədən protokol və qərar yazılaraq ona göndərilmişdir. O, xx.xx.2025 tarixində (saat 11.05, 11.06, 11.23, 11.49) dəfələrlə məsələ ilə bağlı 902 qaynar xəttə zəng etdiyini ancaq, xəttin məşğul olduğunu bildirmişdir. xx.xx.2025 tarixində saat:11.08-də isə Polisin 102 nömrəsinə protokol və qərar barədə şikayətini bildirmişdir. E. Məmmədov bildirdi ki, hadisə xx.xx.2025 saat 12.29-da hələ olacaq, ancaq qabaqcadan protokol və qərar yazılıb ona göndərilib, o, da hələ 12.29-a qədər artıq dəfələrlə 902-yə zəng etdiyini sonra isə 102-yə zəng edib şikayət etdiyini bildirdi. Bu hallar barəsində tərtib olunan qərarın qanunsuz olmasının dəlilləridir. Ona məxsus avtomobilə tətbiq edilən inzibati xəta haqqında qərar ilə razı deyil və bu səbəbdən barəsində tətbiq olunmuş inzibati tənbehvermə barədə qərarın ləğv olumasını məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 30557864 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki şikayətçi X1 inzibati xəta törətməsini, yəni həmin saatda o yoldan keçməsini təsdiq edən sübutları video görüntü və.s məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Qeyd edilməlidir ki, inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda hadisənin törədilmə vaxtı saat 12:29 qeyd edilsə də, ona “asanpay” vasitəsilə saat 10:02-də məlumat gödərilmişdir. Yəni xətanın törədilməsindən əvvəl ona məlumat çatdırılmışdır. Belə olan halda onun xx.xx.2025-ci il tarixdə saat 09:59:24-də Gəncə şəhər Atatürk prospekti ilə M.Abbaszadə küçələrinin kəsişməsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması ilə bağlı qərar qanunvericilikdə nəzərdə tutulmuş tələblərinə riayət edilmədən qəbul edilmişdir. Bundan başqa qanunvericilik normalarının tələblərinə riayət olunub olunmaması haqqında qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 30557864 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən Gəncə şəhər DYPŞ-yə göndərilən sorğuya cavab olaraq inzibati xətaya aid foto və ya video görüntülər, həmçinin başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi və ya digər pozuntu törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30557864 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30557864 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar