Məhkəmə qərarları › İş №3(125)-3618/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3618/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3618/2024 04.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Gəncə Şəhəri Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:05-də VAZ 21061 MİNİK markalı ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən işıq cihazında istifadə qaydalarının pozulması, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən il ərzində təkrar nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hallarına yol verildiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxmini 12 radələrində Şəxs Atatürk prospektində saxlamışlar. Onun spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs “GO” içkisi qəbul etdiyini bildirmişdir. Onda yüngül dərəcəli sərxoşluq halı müəyyən olunmuşdur. O, saxlanıldığı zaman onlara heç bir müqavimət göstərməmişdir. O, protokolu və alkotesterdən çıxarışı könüllü şəkildə imzalamışdır. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılmış, barəsində İXM-in 329.3-cü və 333.2-ci maddələri ilə protokol tərtib edilmişdir. O bildirmişdir ki, onun qardaşı X3 27 sentyabr 2020-ci il tarixdə 44 günlük vətən müharibəsində şəhid olmuşdur. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 04 oktyabr 2024-cü il tarixli alkotesterdən çıxarışdan görünür ki, Şəxs alkoqolun miqdarı 0,418 ‰ olmuş və o, özü çıxarışı imzalamışdır. - 31 yanvar 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında Qərardan görünür ki, barəsində icraat aparılan şəxs Şəxs həmin tarixdə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 329.3-cü maddələri ilə tənbeh edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunmalıdır. Şəxs qardaşı X1 44 günlük vətən müharibəsi şəhidi olması və onun inzibati xətanı törətməsi ilə bağlı səmimi etirafı onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsinə görə barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması əlavə tənbehi tətbiq edilməklə cərimə növündə inzibati tənbeh tətbiq etmək məqsədəmüvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar