Məhkəmə qərarları › İş №3(125)-3647/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3647/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3647/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay 220 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdi. Bundan əlavə Şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Borclu barəsində dəfələrlə 528.1-ci və 528.1-1-ci maddəsinə əsasən protokol tərtib edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, yaranmış borc qərəzli olaraq tam ödənilməmişdir. Bununla da inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda Şəxs borcu 1250 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu borcundan ödəniş etməmişdir. Odur ki, protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, sonuncu dəfə şəxsin barəsində protokol sentyabr ayənda tərtib edilmiş və tərkib olmadığına görə inzibati xəta haqqında protokola xitam verilmişdir. 1 ay ərzində isə 250 manat ödəniş ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, səhhətindəki problemlərdən dolayı bir müddət ödəniş edə bilməmişdir. Borcundan sentyabr ayənda 200 manat, oktyabr ayında isə 50 manat ödəniş etmişdir. Qalan hissəsini də ödəyəcəkdir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X4 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay 220 manat aliment alınaraq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlığın, xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlığın sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. Qəbzlərdən görünür ki, Şəxs sentyabr ayında 200 manat, oktyabr ayında isə 50 manat ödəniş etmişdir. Gəncə şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan mütəmadi olaraq ödənişlər etmiş və sonuncu ödənişləri isə müvafiq olaraq sentyabr və oktyabr ayında etmişdir. Ödənilməyən 1200 manat qalmışdır. Həmin pulu da ödəməmə səbəbini səhhətindəki problemlərdən dolayı olduğunu bildirmişdir. Gəncə şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunduğu zaman mövcud olan aliment borcundan bugünki günə artım olmamış və mövcud aliment borcunu Şəxs hər ay ödəmişdir. Qalan hissəsini də ödəyəcəyini bildirmişdir. Lakin bütün bu hallara baxmayaraq onun qalan borcu üzürsüz səbəbdən ödəməməyi ilə bağlı icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, inzibati icraat aparılan şəxs Şəxs borcunu ödəmək niyyətindədir və bu niyyəti onun mütəmadi ödənişlər etməyi ilə öz təsdiqini tapır. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar