Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3649/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ-nin polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:40-da “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkəti etmiş və nəticədə Azərbaycan Respublikası İXM-in 327.1-ci və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:40 radələrində Gəncə şəhərinin inzibati ərazisində “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, avtoxuliqanlıq hərəkəti etməmiş, sadəcə surət həddini aşaraq avtomobilini idarə etmişdir. Daha sonra o, bildirmişdir ki, həmin gün o, Gorandan Gəncəyə gələrkən qarşıdakı svetaforda dayanan maşını ötdükdə yolun kənarında dayanan yol patrul xidmətinin əməkdaşı saxla əmri verərək onu saxlamışdır. Sonda o, digər avtomobilin sürücüsünü tanımadığını və sürət yarışı həyata keçirmədiyini bildirərək əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində İXM-nin 511.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan bir ədəd DVD diskə baxış zamanı həmin videogörüntünün hadisəni aydın şəkildə əks etdirmədiyi aydın olur və bununla da barəsində icraat aparılan şəxs Şəxs 06 oktyabr 2024-cü il tarixdə, saat 20:40 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinin inzibati ərazisində yarış keçirməsi halının müəyyən etmək qeyri mümkündür. Təqdim edilmiş videogörüntüyə əsasən məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsi ilə sürət həddini aşması avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsinin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq hesab olunur və həmin hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Qanunun mənasına görə şəxsin əməlində yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əlaməti mövcud deyildirsə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər özü-özlüyündə avtoxuliqanlıq növündə inzibati xətanın tərkibini yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3649/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3649/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver