Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3651/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Xanlar rayonu Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göygöl rayonu, Aşıqlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında 08 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X5 bildirmişdir ki, protokolu raport əsasında tərtib etmişdir. Ramil nalayiq ifadələr işlədərək nizam-intizamı pozmuşdur. Hadisə Baş İdarənin ərazisinə daxil olan kilsə yaxınlığında baş vermişdir. Ramil axşam vaxtı təxmini saat 7-8 radələrində kilsə yaxınlığında telefonla danışaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Lakin Ramil bildirmişdir ki, elə bir hadisə olmamışdır. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 07 oktyabr 2024-cü il tarixdə Gəncə şəhərində deyil Mingəçevir şəhərində olmuşdur. Göygöl rayon Polis Şöbəsindən ona zəng gəlmiş, onu şöbəyə dəvət etmişlər və o, şöbəyə getmişdir. Şöbədə onun nə ilə bağlı gəldiyini soruşduqda o, polis əməkdaşlarının onu oraya dəvət etdiklərini bildirmişdir. Onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Baş Polis İdarəsindən 2-ci Polis Şöbəsinə aparmışlar. O, həmin günü iki bakal pivə içmişdir. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş və nalayiq ifadələr işlətməmişdir. Onun əvvəllər Ağdam rayon Polis işçiləri ilə ədavəti olmuşdur. Polis əməkdaşları onun qolunu sındırmışlar və o, buna görə 102 xidmətinə şikayətlər ünvanlamışdır. O, bildiri ki, polis əməkdaşları bu məsələyə görə onu cəzalandırırlar. O, barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X6 izahat verərək bildirmişdir ki, Ramilin polis əməkdaşları ilə əvvəllər mübahisəsi olmuş və polis əməkdaşları onun qolunu sındırmışlar, Ramil bu məsələ ilə bağlı 102 xidmətinə dəfələrlə müraciətlər etmiş, lakin müraciətləri cavabsız qalmışdır. Axırıncı zəngində əsəbləşərək onlara bildirmişdir ki, “bəlkə o, cinayət törətmişdir, onun müraciəti baxılmadan saxlanılacaq?”. Polis əməkdaşları onun şikayətlərinin qarşısını almaq üçün ona şər atmışlar. Onu kilsə yaxınlığından şöbəyə aparmamışlar. O, Şəxs istifadəsində olan mobil nömrənin anten dairəsinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid polis serjantı X2 bildirdi ki, onlar 1-ci Polis Şöbəsinin ərazisində xidmətdə olduqları zaman bir nəfər şəxsin kilsə yaxınlığında telefonla danışaraq nalayiq ifadələr işlətdiyini eşitmişlər. Yaxınlaşıb özlərini təqdim etmişlər. O, telefonda danışdığı şəxsə qarşı nalayiq ifadələr işlətmişdir. Onu şöbəyə dəvət etmişlər, o, onlarla birlikdə şöbəyə getmişdir. Məhkəmə iclasında şahid polis serjantı X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində xidməti ərazidə olarkən bir nəfər şəxsin nalayiq ifadələr işlətdiyini eşitmişlər. Ona yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər. O, onlarla birlikdə şöbəyə getmişdir. Sonradan onun adının Ramil olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid polis serjantı X4 bildirdi ki, 07 oktyabr 2024-cü il tarixdə axşam vaxtı iş yoldaşı ilə birlikdə kilsə yaxınlığından keçdikləri zaman bir nəfər şəxsin nalayiq ifadələr işlətdiyini eşitmişlər və ona yaxınlaşaraq onu şöbəyə dəvət etmişlər. Ramil onlarla birlikdə şöbəyə getmişdir. Ramilin onlara müqavimət göstərib-göstərməməsini xatırlamadığını bildirmişdir. Ramil şöbədə səs-küy salmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -08 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlı hərəkətləri edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokolun surətindən görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. -07 oktyabr 2024-cü il tarixli 3576/2024 nömrəli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3651/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3651/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver