Məhkəmə qərarları › İş №3(125)-366/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-366/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-366/2022 04.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 və qərarından şikayət verilmiş şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X2 iştirakı ilə, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan qərardan X6 şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X2 “İnzibati tənbeh vermə haqqında” 20 iyul 2022-ci il tarixli MN ******* saylı qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Belə ki, qərarda göstərilir ki, guya o, 02 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Bunlar yalandır. Belə ki, o, heç bir küçə ticarəti ilə məşğul olmur. X4 hər gün səhər saatlarında 1-2 saat ərzində binanın qarşısında göy-göyərti satır və beləliklə də şəhid qardaşının iki övladına baxır. 02 iyul 2022-ci il tarixdə səhər saatlarında o, anası üçün çay aparmışdır. Bu zaman ərazinin sahə polisi ona yaxınlaşıb satılan malların kimin malları olduğunu soruşdu. O isə cavab verdi ki, onlarındır, anasının olduğunu isə deməmişdir. Polis əməkdaşı adını soruşdu, sonra isə çıxıb getdi. Sonra evə onun cərimə edilməsi barədə qərar gəldi. O, heç bir xəta törətməmişdir. Buna görə də məsuliyyətə cəlb oluna bilməz. Buna görə də barəsində inzibati tənbeh tətbiq edilmə barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X2 “İnzibati tənbeh vermə haqqında “ 20 iyul 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, onun iki övladı var, qardaşı şəhid olub. O, heç vaxt göygöyərti satmamış, yalnız övladlarını saxlamaq üçün zibil qutularından alüminium qablar yığıb satır. Buna görə də onun barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 bildirdi ki, o, həmin qərarı X3 iştirakını təmin edə bilmədiyi üçün yalnız ona təqdim edilmiş protokol əsəsında tərtib etmiş, polis əməkdaşları tərəfindən isə ona heç bir əlavə sübut təqdim edilməmişdir. Şikayətin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərar qəbul etmiş vəzifəli şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X1 ticarəti ilə məşğul olmasını təsdiq edən hər hansı möhtəbər sübut məhkəməyə təqdim edilmədiyindən onun İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, şəxs inzibati xəta hadisəsi olmadan törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli və onun barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə olunmasına dair Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar