Məhkəmə qərarları › İş №3(125)-3666/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3666/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3666/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmuş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayan X3 məxsus olan 1 ədəd su matoru və 1 ədəd gidrofonu oğurlamaqla 85 manat məbləğində və xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayan X2 məxsus olan 1 ədəd 70 manat dəyərində su matorunu oğurlamaqla xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* saylı, xx.xx.2023-ci il tarixli, MN ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Sənani Məmmədov protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs haqqında iki müxtəlif vaxtda xırda talama faktı ilə bağlı protokollar tərtib olunmuşdur. Şəxs törətdiyi əməlləri etiraf etmiş, həmin əməllərdə cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətaları törətməsini səmimi etiraf edərək, bildirdi ki, onun barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri o, maddi ehtiyacı olduğu üçün törətmişdir. Sənəti malyardır, hazırda işsizdir. Törətdiyi əməllərə görə çox peşmandır və barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 17 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayan X4 məxsus olan evdən 1 ədəd dəyəri 85 manat olan su matoru və gidrofonu oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 17 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs Gəncə şəhəri, Məshəti qəsəbəsi 20-ci küçədə yaşayan X2 məxsus fərdi yaşayış sahəsindən 1 ədəd 70 manat dəyərində su matorunu oğurlanmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа” hаqqındа xx.xx.2023-cü il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da inzibаti qаydаdа tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materiallarda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-ci il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli, MN ******* saylı, inzibati xəta haqqında protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməli etiraf etməsi və səmimi peşmançılığıdır. Eyni zamada məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını (İXM 32.1.1-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər protokol üzrə ayrıayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddəti inzibati qaydada tutulduğu xx.xx.2023-cü il saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar