Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3666/2025 28.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X3 daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində sürücülük vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW 320” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə həmin avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 və sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Bununla da o, İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sözügedən protokol “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı Elşən Muxtarovun xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 23:30 radələrində özünə məxsus olan idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi ilə üzü şəhər istiqamətində hərəkətdə olarkən yolun sol tərəfində yerləşən “Əminə Gold” hipermarketin avtomobillər üçün dayanacağından “BMW” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yol vermədən qoşa xəttin üzərindən onun yoluna çıxmış və həmin vaxt əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməmiş və “BMW” markalı avtomobilin sağ ön hissəsi ilə onun idarə etdiyi avtomobilin sol arxa hissəsi toqquşmuşdur. İnzibati xətanı törədən şəxsdən şikayətçidir. Belə ki, Şəxs onunla barışmağa cəhd belə göstərməmiş və ona dəymiş zərəri ödəməmişdir. Eyni zamanda onun avtomobilində olan qardaşı Zərərçəkmiş şəxs2 da yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa hadisə baş verən vaxtı Şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Qeyd edilənləri nəzərə alaraq qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X5 nümayəndəsi, iş üzrə digər zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, törətdiyi inzibati xətaya görə peşmandır. Bu hadisə ilk dəfə baş vermişdir və gələcəkdə bu cür halın təkrarlanmaması üçün bütün tədbirləri görəcəyinə təminat verir. Onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Aylin Əmrahova adlı azyaşlı qızı var. Onun gündəlik təhsili, təhlükəsizliyi və zəruri ehtiyaclarının ödənilməsi tam şəkildə onun üzərindədir. Hal-hazırda Bakı şəhərində yaşayır və faktiki şəraitə görə avtomobil idarə etmək onun üçün zəruridir- qızını məktəbə aparmaq, məktəbdən gətirmək, həkim müayinələrinə aparmaq və digər ailəvi ehtiyacları təmin etmək üçün nəqliyyat vasitəsi həyati əhəmiyyət daşıyır. Belə ki, onun inzibati məsuliyyətini yüngülləşdirən hallar mövcuddur: törədilmiş əməl ilk dəfə baş verməsi, səmimi peşman olması, himayəsində azyaşlı uşağın olması, əməlin cəmiyyət üçün ağır nəticələr doğurmaması. Üzrlü səbəblərə görə iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini, inzibati tənbeh kimi cərimə tədbirinin tətbiq edilməsini, sürücülük hüququnun məhdudlaşdırılmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş : 13 sentyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikas CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, sürücü Şəxs “Yol hərəkəti haqqında” Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 06 sentyabr 2025-ci il tarixli 991 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- təpə-ənsə və sağ baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 06 sentyabr 2025-ci il tarixli 990 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- təpə-ənsə və sağ baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. 05 sentyabr 2025-ci il tarixli, 2991/2025 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. 05 sentyabr 2025-ci il tarixli, 2992/2025 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Zərərçəkmiş şəxs1 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. BA 091304 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə B1, B, kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. BC 092606 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilməlidir. Belə ki, Şəxs təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməməsi (müalicə xərclərini), onlarla barışıq əldə etməyə cəhd göstərməməsi, o cümlədən zərərçəkmiş şəxsin hadisədən sonrakı davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-3666/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3666/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver