Məhkəmə qərarları › İş №3(125)-368/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-368/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-368/2022 22.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah оğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X2, zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi (anası) X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Gəncə şəhər prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərar tərtib olunmuşdur. Həmin qərardan görünür ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bayraq Meydanı” parkında quraşdırılmış atraksionun texniki təhlükəsizliyinə cavabdeh şəxs olan fərdi sahibkar Şəxs tərəfindən (VÖEN-********** və FİN-xxxxxxx) təhlükə potensiallı obyektlərə aid olan mexanikləşdirilmiş atraksionun saz vəziyyətdə saxlanılması üçün xüsusi razılıq (lisenziya) olan hüquqi və fiziki şəxs tərəfindən texniki baxış və profilaktik işlərin aparılması təmin edilməməklə “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 9 bəndinin tələbləri pozularaq hərəkətdə olan atraksionun qırılması ilə həmin atraksionda əyləşmiş X1 az ağır zərər vurmaya aid xəsarətlər dəymişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasınında iştirak edən Gəncə şəhər prokurorluğunun nümayəndəsi X6 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın onun tərəfindən törədildiyini etiraf edərək, bildirdi ki, uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2016-cı ildən Gəncə şəhərində çay kənarında Park bulvar istirahət parkı tikilmiş, o da şəxsi mülkiyyətində olan atraksionun həmin parkda quraşdırılması barədə rəsmi icazə almışdır. O, həmin atraksionu əvvəl başqa ərazidə işlətmiş, Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar həmin ərazidən götürüb hazırki park bulvar adlanan ərazidə quraşdırmışdır. Həmin atraksion 2016-cı ildən quraşdırılmış, quraşdırmanı tanımadığı ustalar həyata keçirmiş, atraksionu Çin Xalq Respublikasından almışdır. Atraksiona bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən texniki baxış keçirilmiş, sonuncu dəfə texniki baxış 2019-cu ildə keçirilmişdir. Atraksion texniki sənədlərə əsasən dalğalı hərəkət etməli, yerində də sənədlərində olduğu kimi quraşdırılmış, ən hündür hissəsi 2.5-3 metr, ən aşağı hissəsi 80 sm hündürlükdə olmuşdur. O, atraksiona və onun hərəkəti zamanı yaranmış nasazlıqlara cavabdeh şəxs olmuşdur. xx.xx.2022-ci il tarixdə işdə olmuş, atraksion müştərilər tərəfindən istifadə olunmuş, saat 21 radələrində atraksionun qatarının bir hissəsi hərəkətdə olan zaman qırılaraq yerə düşmüş və həmin atraksionda əyləşən şəxslərdən yalnız biri xəsarət almışdır. O, həmin vaxt yaxınlıqda olmuş, bu xəbəri eşidən kimi yaxınlaşmış, qatarın həmin hərəkət hissəsindən yıxılaraq xəsarət almış Nuray Abbasovanı dərhal əvvəlcə Gəncə 3 saylı şəhər xəstəxanasına aparmış, oradan isə onu X3 aparmış, həmin xəstəxanada müayinə olunan zaman sonuncunun qabırğa sınığı xəsarəti aldığı müəyyən olunmuşdur. O, Nuray Abbasovanı xəstəxanaya aparmış və onun tibbi xərclərini qarşılamış, bundan başqa atraksionun qırılan hissəsinə baxmış və qatarın oturacaq hissəsinin korpusdan qopduğu məlum olmuşdur. O, hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmış və onlara dəymiş ziyanı tam şəkildə qarşılamışdır. Törətmiş olduğu əməldən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi (anası) X7 izahat verərək bildirdi ki, o, övladları Nuray Abbasova və Ağaxan Abbasovla birlikdə istirahət məqsədi ilə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bayraq Meydanı” parkına getmiş, saat 21 radələrində övladları ilə həmin parkda quraşdırılmış “Alma Qurdu” atraksionuna minmək qərarına gəlmiş, bu məqsədlə atraksiona yaxınlaşmış, onlar yaxınlaşdıqda atraksion hərəkətsiz vəziyyətdə olmuş, ödəniş edərək hər üçü atraksionun müxtəlif vaqonlarına əyləşmişdir. Atraksionu adını bilmədiyi oğlan işlətmiş, onun adını bilməmiş, pulu ödədikdən sonra atraksionu hərəkətə gətirmişdir. Atraksion yeni hərəkətə başlamışdı ki, qızı Nuray Abbasovanın əyləşdiyi vaqon reysi üstündən qırılaraq yerə düşmüş, qızı da əvvəlcə dəmirlərin üstünə, oradan isə yerə yıxılmışdır. Həmin hadisə təxminən artaksionun 1.5-2 metr hündürlüyündə baş vermiş, atraksion qırılan kimi dayandırılmış, onlar dərhal Nuray Abbasovanı yerdən qaldırmış, onu əvvəlcə Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış, oradan isə göndəriş əsasında X3 aparmış, orada müayinə olunduqdan sonra Nurayın qabırğalarının qırıldığı müəyyən olunduğundan müalicə olunması üçün X10 Xəstəxanasına aparmışlar. Nuray həmin xəstəxanada müayinə və müalicə olunmuş, hazırda səhhəti normaldır. Atraksionun sahibi Şəxs xəstəxanada bütün xərcləri ödəmiş, ona görə də hazırda ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli (xx.xx.2022-ci il tarixli rəyin davamı), 1193 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol tərəfli pnevmotoraks, sol ağciyərin kontuziyası, sol tərəfli çoxsaylı qabırğaların sınması ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 22 iyul 2022-ci il tarixli, 10/4503 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bayraq Meydanı” parkında quraşdırılmış təhlükə potensiallı obyektlərə aid olan mexanikləşdirilmiş atraksionun saz vəziyyətdə saxlanılması üçün xüsusi razılıq (lisenziya) olan hüquqi və fiziki şəxs tərəfindən texniki baxış və profilaktik işlərin aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 9 bəndinin tələbləri pozulmuşdur. “Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri”nin 9 bəndinin tələbləri Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bayraq Meydanı” parkında quraşdırılmış atraksionun təhlükəsiz istismarına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bütün xərclər həmin şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar