Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-369/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X6 və protokolu tərtib etmiş şəxs Göygöl rayonu Yol patrul xidməti inspektoru polis serjantı X7 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Baş Dövlət Yol Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X12 Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 (dörd yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 27 yanvar 2023-cü il tarixdə “Vaz-2107” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən Göygöl şəhəri ərazisində Göygöl RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış və polis əməkdaşları spirtli içki qəbul etdiyini bildirdilər və avtomobili qanunsuz olaraq polis şöbəsinə apardılar. O, öz etirazını bildirərək spirtli içki içmədiyini, ona görə də onu həkim müayinəsindən keçirməyi tələb etsə də yalnız alkotester etdilər və sərxoş olduğunu bildirdilər. O, öz etirazını bildirsə də heç bir əhəmiyyət vermədilər və o, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib şikayət etdi. Buna baxmayaraq qanunsuz və əsassız olaraq barəsində İXM-nin 327.2 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildi və həmin protokol əsasında qərar qəbul edilərək qanunsuz və əsassız olaraq 400 manat məbləğində cərimə olunmuşdur. Onun maddi vəziyyəti ağırdır, ailənin yeganə qazanc gətirən üzvüdür, ona görə də barəsində tərtib olunmuş inzibati cərimə həddindən artıq olduğu üçün ödəyə bilmir. O, hesab edir ki, qeyd olunan protokol qanunsuz və əsassız olaraq tərtib olunmuşdur, belə ki, o, sərxoş olmamışdır, ümumiyyətlə o, qeyd olunan gün spirtli içki qəbul etməmişdir. O, təkidlə həkim müayinəsindən keçirilməsini tələb etsə də polis əməkdaşları dediklərinə əməl etməyib, qanunsuz və əsassız olaraq cərimə edilmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Baş Dövlət Yol Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X12 inzibati xəta törətdiyini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 26 yanvar 2023-cü il tarixdə axşam saat 18- 19 radələrində spirtli içki qəbul etmiş və 27 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində idarə etdiyi VAZ 21074 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə az yaşlı qızını məktəbə aparan zaman Göygöl rayonu Yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmasına səbəb isə qızını avtomobilin ön oturacağında əyləşdirməsi olmuşdur. O, törətdiyi qayda pozuntusunu səmimi qəbul edərək güzəşt etməklərini xahiş etmişdir. Sonra isə polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə onun spirtli içki qəbul etməsi ölçülmüş və xüsusi texniki vasitənin nəticəsi 0,418‰ olmuşdur. O isə dünən axşam spirtli içki qəbul etdiyini və indiyə qədər sərxoşluğunun qala bilməyəcəyini bildirmişdir. Sonra onun xahişi ilə az yaşlı qızı polis əməkdaşları ilə birlikdə evinə aparılmış və oradan isə onlar polis bölməsinə gəlmişlər. Bu vaxt onun sərxoşluq vəziyyəti ikinci dəfə də xüsusi texniki vasitə ilə ölçülmüş və nəticə yenə də eyni (0,418‰) olmuşdur. O, həmin vaxt xüsusi texniki vasitənin nəticəsi ilə tanış edildikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək həmin protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə 400 manat inzibati cərimə olunmuşdur. O, cərimə olunduğu 400 manat məbləği ödəməyə maddi imkanı olmadığı üçün sonradan Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə şikayət edərək bildirmişdir ki, o, həmin vaxt sərxoş olmamış və xüsusi texniki vasitənin nəticəsi ilə razı deyildir. Maddi vəziyyəti ağırdır, ailənin yeganə qazanc gətirən şəxsidir, ona görə də o, cərimə olunduğu 400 (dörd yüz) manat məbləği ödəməyə maddi imkanı olmadığı üçün barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Göygöl rayonu Yol patrul xidməti inspektoru polis serjantı X13 məhkəməyə izahat verərək bildirdi ki, o, X2 daşıma qaydalarını pozduğuna görə, yəni az yaşlı uşağı idarə etdiyi avtomobilin ön oturacağında əyləşdirdiyi üçün saxlamış və avtomobilə yaxınlaşan zaman spirtli içki iyi gəldiyi üçün sürücünün sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə ölçülmüş və xüsusi texniki vasitənin nəticəsi ilə (0,418‰) sürücü dərhal tanış edilmiş, o isə etiraz etməyərək avtomobildə olan azyaşlı qızını evə aparmağı xahiş etmişdir. Onlar isə etiraz etməyərək uşağı onunla birlikdə evə aparıb polis bölməsinə gəlmişlər. Bölməyə gəldikdən sonra onun sərxoşluq vəziyyəti ikinci dəfə də xüsusi texniki vasitə ilə ölçülmüş və nəticə yenə də eyni (0,418‰) olmuşdur. Hər iki yoxlama zamanı X3 olduğu müəyyən edildiyindən müvafiq olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da İXM-nin 327.2 və 333.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tam qanuni olaraq tərtib edilmişdir. Buna görə də şikayətin təmin edilməmisini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Baş Dövlət Yol Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı onun barəsində xx.xx.2023-cü il tarixdə Göygöl rayon Yol patrul xidməti inspektoru, polis serjantı X13 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktın surətindən görünür ki, X10 məxsus “Vaz-2107” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2023-cü il tarixdə saxlanca qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xüsusi texniki vasitənin nəticəsinə dair xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, X8 0,418‰ sərxoşluq müəyyən edilmişdir. Məhkəmə şikayəti, proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X4 rayonu ərazisində xx.xx.2023-cü il tarixdə İXM-nin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və buna görə də onun barəsində xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 inzibati xətanı törətməsini etiraf etməsinə baxmayaraq məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, maddi vəziyyəti ağırdır, ailənin yeganə qazanc gətirən şəxsidir, ona görə də cərimə olunduğu 400 (dörd yüz) manat məbləği ödəməyə maddi imkanı olmadığı üçün barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, qərardan şikayət verən şəxs tərəfindən yuxarıda göstərilmiş səbəb qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, inzibati xəta törədildiyi vaxt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin sərxoş olması barədə xüsusi texniki vasitədən istifadə edilmiş və onun nəticəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dərhal tanış edilmiş və şəxsin xüsusi texniki vasitənin nəticəsinə heç bir etirazı olmamışdır. Belə olan halda isə qanunvericiliyin tələblərinə və qeyd edilən səbəblərə görə verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Baş Dövlət Yol Polis Bölməsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 öz etirafedici ifadəsi, xüsusi texniki vasitənin nəticəsi, barəsində tətbiq edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X12 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Baş Dövlət Yol Polis X1 Azərbaycan Respublikası İXMnin 327.2 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin Baş Dövlət Yol Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-369/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-369/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver