Məhkəmə qərarları › İş №3(125)-3691/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3691/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3691/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçisi X2, “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi MMC-nin Monitorinq və hüquq departamentinin Hüquq şöbəsinin müdiri X4 iştirakları ilə, Vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə xx.xx.2024 tarixində daxil olmuş xx.xx.2024 tarixli MN1614276 nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən ona vəzifəli şəxs kimi 700 AZN məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb AR Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbi pozularaq X14 sosial işçisi Şahid münasibətdə 2024-cü ilin iyun ayında normal əmək və istirahət rejiminə riayət edilməməsi göstərilmişdir. Aşağıda göstərdiyi xüsusatlara istinad edərək həmin qərarın qanunsuz və əsassız hesab edir. Belə ki, “X15” MMC tərəfindən sosial işçilərlə bağlanmış əmək müqaviləsinin 4.10cu bəndinə əsasən sosial işçilərin gündəlik iş saatı 8 saat olmaqla həftə ərzində 40 saat müəyyən olunmuşdur (birinci və ikinci qrup əlillər üçün 36 saat). Həftənin iki günü sosial işçilər üçün istirahət günü kimi müəyyən edilmişdir. “X15” MMC-nin sosial işçilərlə bağladığı əmək müqaviləsində AR Əmək Məcəlləsinin 215-ci maddəsinin tələbləri barədə heç bir göstəriş qeyd olunmamışdır. Bu səbəbdən də Birliyin işə davamiyyət kitabında sosial işçilərin gün ərzində 8 saat, həftə ərzində 40 saat işləməsi təmin olunmuşdur. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, “X15” MMC tərəfindən işsiz vətəndaşlar işə götürülərək Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təşkil etdiyi ictimai işlərə cəlb edilirlər. 15 mart 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti, “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti və təmsil etdiyi İstehsalat Birliyi arasında "xxxx" üçtərəfli saziş imzalanmışdır. Həmin Sazişə əsasən ictimai işlərə cəlb edilən işçilərin iş rejiminə nəzarət rəhbərlik etdiyi İstehsalat Birliyinə tapşırılmışdır. Lakin, həm ictimai işlərə cəlb edilmiş işçilərin sayı, həm yerinə yetirilən işlərin xarakteri baxımından İstehsalat Birliyi onların iş rejiminə nəzarəti həyata keçirə bilmir. X11 təşkilati imkanları xaricindədir. Bütün işçilərə münasibətdə əmək müqaviləsinə əsasən “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti işəgötürən qismində çıxış edir. Hətta, intizamsız işçilər barəsində tədbir görülməsi üçün “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinə tədbir görülməsi dəfələrlə müraciət edilmiş, lakin MMC tərəfindən heç bir tədbir görülməmişdir. Ona görə də, Sazişə əsasən ictimai işlərə cəlb edilən işçilərin iş rejiminə nəzarətin İstehsalat Birliyinə tapşırılması barədə müddəa formal olaraq qalmış, İstehsalat Birliyi tərəfindən icra edilməsi mümkün olmamışdır. Bütün bu halların nəzərə alınaraq, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məsləhətçisi X5 bildirdi ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təşkil edilmiş ictimai işlərin görülməsinə cəlb edilən Samir, İnqlab, Qoşqar və digər vətəndaşlar onlara verilən əmək haqqlarının gecikməsi, əlavə işlərə işlərə cəlb edilmələri barədə Müfəttişliyə şikayət ərizəsi vermişlər. Müfəttişlik tərəfindən həmin hal araşdırılmış və işçilərin qeyri iş günündən bir gün bir gün əvvəl işdən bir saat tez buraxılmaları olduqları halda, qanunvericiliyin bu tələbinin yerinə yetirilmədiyi aşkar edilmişdir. Bu barədə məlumat həm də işçilərin davamiyyət kitabında qeydə alınmışdır. Sonda davamiyyət jurnalından çıxarışı və şikayət ərizələrini məhkəməyə təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi MMC-nin Monitorinq və hüquq departamentinin Hüquq şöbəsinin müdiri X7 bildirdi ki, Dost xidmət mərkəzi yalnız işçilərlə əmək müqaviləsi bağlayır. Digər məsələlər "xxxx" üçtərəfli sazişlə tənzimləndiyindən MMC-nin cavabdehliyi yalnız əmək müqaviləsini bağlamaqla məhdudlaşır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul etdilmişdir. - 09 yanvar 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən “X15” MMC ilə işçi Şahid arasında əmək müqaviləsi bağlanmışdır. - 19 yanvar 2022-ci il tarixli 5 nömrəli əmrdən görünür ki, X1 şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin edilmişdir. - 15 mart 2022-ci il tarixli "xxxx" sazişdən görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti, “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti və təmsil etdiyi Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında üçtərəfli saziş imzalanmışdır. - Vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X6 tərəfindən X15nə ünvanlanmış 05 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri ərazisində işçilərin işə davamiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən yoxlanılmış, bir sıra sosial işçilər tərəfindən əmək intizamının pozulması səbəbindən onlar barəsində tədbir görülməsi üçün X15 tərəfindən göstəriş veriməsi xahiş edilmiş, məktuba bu faktı tədiq edən Aktların surətləri əlavə edilmişdir. - Bir qrup sosial işçi tərəfindən Əmək Müfəttişliyinə ünvanlanmış məktubdan görünür ki, onlar Müfəttişliyə əmək haqqlarının verilməməsi və əlavə işlərə cəlb edildiklərindən şikayət ərizəsi ünvanlamışlar. - İşə davamiyyət cədvəlindən çıxarışdan görünür ki, Şahid 25 iyun 2024-cü il tarixdə 8 saatlıq işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına - normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmalıdır. İnzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs barəsində tərtib edilsə də, onun tutduğu vəzifə çərçivəsində hansı vəzifə səlahiyyətlərini icra etməməsi və ya lazımınca icra etməməsi məsələsi düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə olan halda, tənbeh vermə haqqında Qərarı qəbul etmiş orqan tərəfindən işçinin normal əmək və istirahət rejiminə riayət edilməsi öhdəliyinin barəsində tənbeh vermə haqqında Qərar çıxarılmış vəzifəli şəxs tərəfindən icra edilməli olmasını dəqiq müəyyən etməli idi. Məhkəmə bu halın müəyyən edilməsi məqsədilə iş materiallarına əlavə edilmiş bir sıra sənədləri və qanunvericiliyin bir sıra müddəalarını tədqiq etmişdir. İşəgötürən “X15” MMC ilə işçi Şahid arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçi işə qəbul edildikdən sonra haqqı ödənilən ictimai işlər təşkil edən müvafiq qurumun - “Sifarişçinin” sərəncamına verilir və onun müəyyən etdiyi əməyin təhlükəsizliyi tələblərinə riayət edir. Müqavilənin 4.6-cı bəndinə əsasən işçi əməyin mühafizəsi normaları ilə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Sifarişçi tərəfindən məlumatlandırılır. 15 mart 2022-ci il tarixli "xxxx" sazişin 4.2-ci bəndinə əsasən icraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraitinin şərtlərini (əmək haqqı istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin iş rejimini (iş və istirahət vaxtını) nəzərə alır. Məhkəmə yuxarıda qeyd edilmiş sənədləri tədqiq edərək bu nəticəyə gəlir ki, həm müqavilə, həm də saziş şərtlərinə uyğun olaraq işçinin əməyin mühafizəsi qaydalarına riayət etmək öhdəliyi vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X3 üzərinə qoyulsa da, belə öhdəliyin X3 üzərinə qoyulması qanunvericiliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Məcəllənin 3-cü maddəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək Məcəlləsinin yuxarıda göstərilən müddəalarından görünür ki, iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsi öhdəliyi istisnasız olaraq, müəssisənin mülkiyyətçisi və işəgötürəninin üzərinə qoyulmuşdur. İşəgötürən qismində çıxış etmə isə işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik olma ilə şərtləndirilmişdir. Hazırki halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 həmin işçilərə münasibətdə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək səlahiyyətinin olmaması müəyyən edilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, həm İşəgötürən “X15” MMC ilə işçi Şahid arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli əmək müqaviləsinin, həm də 15 mart 2022-ci il tarixli "xxxx" sazişin əməyin mühafizəsi şərtlərinin təmin edilməsinin Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin üzərinə qoyulmasına dair müddəaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci, 3-cü və 7-ci maddələri ilə ziddiyyət təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tənbeh vermə haqqında qərarı qəbul edərkən subyekti düzgün müəyyən etməmişdir. Buna görə də, şikayət təmin edilməli, vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Vəzifəli şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar