Məhkəmə qərarları › İş №3(125)-3698/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3698/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3698/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş ŞəxsASC-nin sədri X2 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsindən ŞəxsASC barəsində İXM-in 326-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, ŞəxsASC-in müvəqqəti istismarında olan nəqliyyat vasitələrinin şəhərdaxili maşrut xətləri üzrə sürücülərin yoxlama zamanı reysqabağı bibbi müayinədən keçirilməsini həyata keçirməməsi aşkar edilmişdir. Nəticədə ŞəxsASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 izahatında bildirdi ki, ŞəxsASC-in müvəqqəti istismarında olan nəqliyyat vasitələrinin şəhərdaxili maşrut xətləri üzrə sürücülərin yoxlama zamanı reysqabağı tibbi müayinədən keçirilməsini həyata keçirməməsi aşkar edilmişdir. Nəticədə ŞəxsASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilmişdir. Onlar tərəfindən Azər-Avtonəqliyyat”ASC sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Hətta bununla bağlı olaraq Gəncə şəhəri “Referans” klinikasında, "xxxx" MMC və “Memorial” hospitalda reysqabağı tibbi müayinənin təşkili Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsi tərəfindən təmin olunmuş və göstərilən ünvanlarda yerləşən tibb müəssisələri ilə müqavilə bağlayaraq reysqabağı tibbi müayinənin təşkili üçün göstərilmiş tapşırıqların qısa müddət ərzində İdarəyə təqdim olunması ilə bağlı, ŞəxsASC -yə yazılı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələblərinə əməl olunmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tərkib əlamətləri yaranmışdır. ŞəxsASC -nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ŞəxsASC -nin sədri X6 bildirmişdir ki, ŞəxsASCdə avtobus sürücülərinin reysqabağı tibbi müayinəsini həyata keçirmək üçün üçün həkimlə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamışlar və əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə bir tərəfli olaraq (tərəflərdən birinin təşəbbüsünə əsasən) xitam verilmişdir. O, bildirmişdir ki, sürücülərinin xx.xx.2024-cü il tarixdə reysqabağı tibbi müayinəsi aparılmiş, lakin bununla bağlı heç bir rəsmi sənədləri yoxdur. Eyni zamanda onlar xx.xx.2024-cü il tarixdə "xxxx"MMC ilə sürücülərinin reysqabağı tibbi müayinəsini həyata keçirmək ilə bağlı tibbi xidmət müqaviləsi bağlamışlar. Göründüyü kimi onların hərəkətlərində İXM-nin 326-cı maddəsinin tərkib əlamətləri mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmədən hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin müdiri X7, “Azərbaijan Ground Services”-in əməkdaşı X5 və X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinə nəzarət məqsədi ilə Gəncə şəhərində aparılan yoxlama zamanı Şəxs ASC-in müvəqqəti istismarında olan marşrut xətti üzrə işləyən nəqliyyat vasitələrinin qanunvericiliyə əsasən reysqabağı tibbi müayinədən keçmədən marşrut xəttinə buraxılması aşkar edilmişdir. -19 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən Şəxs ASC-yə ünvanlanmış məktubdan görünür ki, onlar tərəfindən Azər-Avtonəqliyyat” ASC sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi ilə bağlı xəbərdarlıq edilmiş və bununla bağlı olaraq Gəncə şəhəri “Referans” klinikasında, "xxxx" MMC və “Memorial” hospitalda reysqabağı tibbi müayinənin təşkili Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X9 İdarəsi tərəfindən təmin olunmuş və göstərilən ünvanlarda yerləşən tibb müəssisələri ilə müqavilə bağlayaraq reysqabağı tibbi müayinənin təşkili üçün göstərilmiş tapşırıqların qısa müddət ərzində İdarəyə təqdim olunması ilə bağlı Şəxs ASC –yə xəbərdarlıq göndərilmişdir. Əlavə olaraq Şəxs ASC-in istismarında olan avtobus sayının çoxluğunu nəzərə alaraq avtobus parklarının daxilində reysqabağı tibbi müayinə üçün uyğun yer təşkil edilərək müvafiq icazəsi olan klinikalardan biri ilə qarşılıqlı müqavilə əsasında sürücülərin tibbi müayinəsini təmin etməkləri tövsiyyə olunmuşdur. Əks təqdirdə cərimə olunacaqları ilə bağlı xəbərdarlıq olunmuşdur. - Şəxs ASC-nin 01 iyun 2020-ci il tarixli Əmrindən çıxarışdan görünür ki, X8 həmin ASC-də həkim vəzifəsinə qəbul edilmişdir. - Şəxs ASC-nin 14 oktyabr 2024-cü il tarixli Əmrindən çıxarışdan görünür ki, X8 həmin ASC-də həkim vəzifəsindən azad edilmişdir. - 10 oktyabr 2024-cü il tarixli “Tibbi xidmət müqaviləsi”ndən görünür ki, "xxxx" MMC və Şəxs ASC arasında tibbi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təsdiq edən sənəd qismində tibb məntəqəsi tərəfindən möhürlənmiş yol vərəqələrini təqdim etsə də, məhkəmə bu qənaətə gəlir ki, tibbi müayinə qanunvericiliyə uyğun olaraq aparılmamışdır. Belə ki, tibbi müayinəni keçirən işçinin feldşer olması müəyyən edilmiş, tibbi müayinənin ixtisaslaşmış tibb müəssisəsi tərəfindən aparılmadığı aşkar edilmişdir. Yalnız pozuntu aşkar edilərək inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 10 oktyabr 2024-cü il tarixli “Tibbi xidmət müqaviləsi” bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2009-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və istifadəsində olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” Qaydasının 3.3-cü bəndinə əsasən sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisəsi tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”na əsasən: • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər (2.2-ci bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir (2.3-cü bənd); • Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir (2.8-ci bənd); • Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır (2.10-cu bənd); • Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər (3.2-ci bənd); • Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Sürücülərin reysqabağı tibbi müayinə jurnalı”nda aparılır (3.8-ci bənd); • Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar (3.10-cu bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur, Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında ŞəxsASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə ŞəxsASC -nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ŞəxsASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar