Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-370/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehə dair elektron qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə dair icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsilə Gəncə şəhəri Nəriman Nərimanov prospektində hərəkətdə olan zaman Gəncə şəhər polis əməkdaşları heç bir səbəb olmadan və qayda pozuntusu etmədiyi halda onu saxlamışlar. Polis əməkdaşları onun sənədlərində nöqsan tapmadıqda, idarə etdiyi avtomobilin arxa işiqlarının yanmamağını ona irad bildirmişlər. O, avtomobilin arxa işıqlarının yanmadığından xəbərsiz olmuş, avtomobil hərəkətdə olarkən işıqlarda nasazlıq yaranmışdır. Həmin vaxt avtomobildə olan arvadı onlara yaxınlaşıb, polis əməkdaşlarına şəhid bacısı olduğunu və maddi imkanlarının aşağı olmasını nəzərə alıb onlardan cərimə yazmamağı xahiş etmiş, lakin polis əməkdaşları onun arvadına aqresiv cavab verərək “neyləyək şəhid bacısısan, ol da” deyib, ona heç bir xəbərdarlıq etmədən 50 manat cərimə tətbiq edilməsinə dair inzibati tənbeh vermişlər. Sonda o, məsuliyyətini dərk etdiyini, lakin maddi vəziyyətinin pis olduğunu nəzərə alıb barəsində tətbiq olunan elektron qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən 50 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X6 özü də məhkəmə iclasında avtomobilin arxa işığının nasaz olduğunu etiraf etmişdir. O, maddi imkanı olmadığı və yol patrul xidmətinin əməkdaşı onunla kobud davrandığı və xəbərdarlıq etmədən cərimə yazdığı üçün qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmiş, lakin inzibati xətalar qanunvericiliyində qeyd edilən əsasla qərarın ləğv edilib icraata xitam verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa inzibati xətalar qanunvericiliyinə əsasən xüsusi normada nəzərdə tutulmadığı halda inzibati xəta törətmiş şəxsə xəbərdarlıq tənbehi tətbiq edilməsi mümkün deyildir. Göründüyü kimi Rasim Abbasovun törətdiyi xətaya görə qanuni şəkildə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin İİİ bəndinin 3-cü hissəsinə əsasən xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X3 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-370/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-370/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver