Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3704/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Tural Aydın oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsininnümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin müvəqqəti istismarında olan 3 saylı marşrut xətti üzrə fəaliyyət göstərən **- AD-*** nömrəli “Qazel” markalı nəqliyyat vasitəsinin qanunvericiliyə əsasən reysqabağı texniki müayinədən keçmədən marşrut xəttinə buraxılması aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi X2 çıxışında bildirmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə səhər saatlarında AYNA-nın əməkdaşları “X3” ASC-də reysqabağı texniki müayinə keçirmiş və həmin müayinədə **-AD-*** nömrəli 3 saylı marşrut xətti üzrə fəaliyyət göstərən “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsü texniki müayinədə iştirak etməmişdir. Sonra isə şəhərdə reyd keçirilən zaman həmin marşrutun fəaliyyət göstərdiyi aşkar olunaraq idarəyə dəvət olunmuş və izahatı alınmışdır. Sürücü izahatında müayinədən keçməsi ilə bağlı “X3” ASC tərəfindən ona məlumat verilmədiyini bildirmişdir. Bu səbəbdən də Avtomobil nəqliyyatı haqqında qanunun 26.3-cü maddəsinə əsasən sürücünün müayinədə iştirakını “X3” ASC təşkil etməli olduğundan vəzifəli şəxsə protokol tərtib edilmişdir. İfadəsinin sonunda isə protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında “X3” ASC-də direktor vəzifəsində çalışdığını, AYNA-nın əməkdaşları tərəfindən həftdədə 3 gün texniki müayinə keçirildiyini və müayinənin səhər saat 6dan 8-ə kimi davam etdiyini bildirmişdir. Lakin, həmin günü sürücü **-AD-*** nömrəli “Qazel” markalı nəqliyyat vasitəsini işə sala bilmədiyindən saat 9-da işə gəlmiş və işçi yeni olduğunudan reysqabağı texniki müayinədən keçməli olduğunu bilməmiş və özbaşına qrafik üzrə fəaliyyət göstərməyə başlamışdır. Sonda o, əməlini etiraf edərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş materiallarına **-AD-*** nömrəli Qazel markalı avtonəqliyyat vasitəsinin reysdə olan zaman çəkilmiş fotoşəkili də əlavə edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 326-cı maddəsi ilə tövsif edilmişdir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı - 2.1. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. 2.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 2.3. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 2.4. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. 2.5. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır. 2.6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır: 2.6.1. yoxlamanın avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxarmadan, texniki ölçmə vasitələrindən istifadə etməklə, əsasən vizual şəkildə ixtisaslı mütəxəssis tərəfindən aparılmasına; 2.6.2. istifadə olunan texniki ölçmə vasitələrinin istifadəyə yararlı və müəyyən edilmiş standartlara uyğun olmasına. 2.8. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. 2.9. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. 2.10. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Avtomobil nəqliyyatı haqqında qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs "xxxx" ASC-nin direktoru olduğundan və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3704/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3704/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver